“Qaçırılan qol imkanına qırılma nöqtəsi deməzdim”

“Qəbələ” premyer liqanın 6-cı turunda səfərdə “Qarabağ”a 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Çempionatın liderinə qarşı oynayacağımızı bilirdik. “Qarabağ” oturuşmuş heyətə malikdir və hər bir komandaya qarşı dominant futbol nümayiş etdirir. Bizim də bu oyunla bağlı öz planımız var idi. Komanda verilən tapşırıqların öhdəsindən zaman-zaman gəlirdi.

Futbolçuların çıxışından razı qaldım. İnanıram ki, get-gedə daha inkişaf edə bilərik. Qaçırılan qol imkanına qırılma nöqtəsi deməzdim. “Qarabağ” çox fürsət vermir. Bunu dəyərləndirsəydik, rəqibi daha çox təzyiq altında saxlaya bilərdik. Qarşıdakı matçlarda belə şansları dəyərləndirə biləcəyimizə inanıram.

Ehtiyat qüvvəmiz az olduğundan rotasiya etməkdə çətinlik çəkirik. Amma komanda meydanda mən istədiyimi verir. Futbolçuların oyundankənar vəziyyətə düşməsi normal haldır. “Qarabağ”ın müdafiəçilərinin ustalığı sayəsində onlar ofsayda düşürdü”. 

Həmin kateqoriyadan