“Qarabağ”la “Qəbələ”nin 62-ci dueli

Bu gün Azərbaycan premyer liqasında 6-cı tura yekun vurulacaq. Allsport.az xəbər verir ki, turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək.

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son matçda “Qarabağ”la qarşılaşacaq. Bu görüş Ağdam təmsilçisinin meydanında keçiriləcək. Bu matç 2 komanda arasında 62-ci duel olacaq.

“Qəbələ” ilə “Qarabağ” indiyədək 61 dəfə üz-üzə gəlib. Bu oyunlarda 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 30 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 90 top buraxıb. 

“Qəbələ” premyer liqada 51-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 50 oyunda 10 qələbəsi olan “Qəbələ” 14 dəfə meydanı sülhlə tərk edibsə, 26 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 76 top buraxıb. 

“Qəbələ” tarixində 31-ci dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 9 heç-heçə edib və 17 dəfə uduzub. Səfərdə 21 qolu olan “Qəbələ” futbolçuları 49 top buraxıb. 

“Azərsun arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına saat 19:00-da start veriləcək.

Həmin kateqoriyadan