“Qırmızı vərəqədən sonra fikrimiz daha çox müdafiəyə yönəldi”

Premyer liqasının 7-ci turunda 1:0 bitən “Qəbələ” – “Sumqayıt” oyunundan sonra, meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Son günlər ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin. Bilirdik ki, bizi ağır oyun gözləyir. Üç matçda uduzsaq da, bu gün daha yaxşı çıxış edəcəyimizə inanırdıq. İstədiyimizi meydanda görə bildik. Matçın sonları bir az stressli keçdi. Qırmızı vərəqədən sonra fikrimiz daha çox müdafiəyə yönəldi.

Komandanı təbrik edirəm. Əzmkar və layiqli qələbə qazandıq. Belə epizodlar qırmızı vərəqə ilə dəyərləndirilirsə, sözüm yoxdur. İkili mübarizə idi. Futbolçu tullanırsa, harasa düşməlidir. Mən komandamın meydanda oynamasını istəyirəm. Oyun olduqca, nəticələr də olacaq. Əksi olanda isə təsadüfi qələbələrin davamını gətirmək alınmır. Futbolun özəlliyi də odur ki, epizodlar yaradırsan və dəyərləndirməyəndə rəqibə də şans verirsən.

Komandam xarakter göstərdi və sonadək rəqibə epizod vermədi. Öz komandama cavabdehəm. Mən məşqçi kimi “Qəbələ”də başlamışam, burda inkişafa nail olmuşam. Gedişimin kluba müsbət təsiri olacağını bilsəm, bunu özüm təklif edərəm. Biz asanlıqla təslim olan komanda deyilik. İddiamızın üstündə dayanıb sonadək mübarizə aparacağıq”.

Həmin kateqoriyadan