Sənan Qurbanov: “Gənc futbolçuların istəkli olması sevindiricidir”

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində “Zirə” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, ilk yoxlama oyunu 1:1 hesabı ilə başa çatı. Matçla bağlı “qırmızı-qaralar”ın baş məşqçisinin Sənan Qurbanovun fikri belə olub:

“Yaxşı oyun oldu. İyunun 17-də başlanan hazırlığın sonunda ciddi rəqibə, premyer liqa klubuna yoxlama oyunu keçirdik. Bunadək iki həftəlik yaxşı hazırlıq prosesini arxada qoymuşduq. Bu görüşə əsasən bizim üçün yaxşı material, futbolçular üçün yaxşı məşq oldu. Oyunçular meydanda yaxşı hərəkət etdilər. Oyundan razı qaldım”.

O, meydana çıxan “Qəbələ” futbol akademiyasının yetirmələrinin çıxışına da toxunub: “İlk dəfə premyer liqa klubuna qarşı oynadılar. Bəzi futbolçularda həyəcan var idi. Lakin onların potensiallarını bilirik. Gözümüzün önündə yetişiblər.

Onlara inanmaq, fürsət vermək istəyirik. Daha çox məşq etməli, öz üzərlərində çalışmalıdırlar ki, əsas heyət oyunçusuna çevrilsinlər. Onlar zamanla daha yaxşıya doğru irəliləyəcəklər. Gənc futbolçuların istəkli olması sevindiricidir”.

Həmin kateqoriyadan