Olimpiadaya qatılanlar: Millidə ilk dəfə yeniyetmə şahmatçı Aydın da yer alıb. Heyətdə daha bir yeni var

Beynəlxalq şahmat federasiyası koronavirus pandemiyası səbəbindən ümumdünya şahmat olimpiadasını onlayn formatda təşkil etməyə hazırlaşır. Allsport.az xəbər verir ki, iyulun 22-də start götürəcək olimpiadaya avqustun 30-da yekun vurulacaq.

Olimpiadada ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar ƏsədliXanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın SüleymanlıGövhər Beydullayeva daxil ediliblər. Komandamızın kapitanı Eltac SəfərliRəhim Qasımov olacaq. Kişilərdə yeniyetmələrin dünya və 2-qat Avropa çempionu, “Aeroflot open 2020” turnirinin qalibi Aydın Süleymanlı və Vüqar Əsədli ilk dəfə əsas millidə yer alacaqlar.

Divizionların tərkibləri açıqlanmayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı “Top-divizion”da mübarizə aparacağı gözlənilir.

Reqlamentə əsasən, qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Heyətə ən azı iki qadın şahmatçı daxil edilməlidir. Həmçinin hər komandada bir oğlan və bir qız 20 yaşadək olmalıdır. Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş etməlidir. Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaq. Ardınca pley-off baş tutacaq.

Ümumdünya şahmat olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42 ümumdünya şahmat olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü olimpiada Batumidə təşkil olunub.

Həmin kateqoriyadan