İcraiyyə komitəsinin iclası

Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, dövlət tərəfindən şahmata və şahmatçılara daim diqqət və qayğının göstərildiyini xatırladıb. Məhz bunun nəticəsində bu günlərdə Kanadada keçirilən iddiaçılar turnirində dünyanın güclü 8 şahmatçısı sırasında Azərbaycan təmsilçisinin də yer aldığı vurğulanıb. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra, Nicat Abbasovun bu yarışda iştirak edən 3-cü azərbaycanlı şahmatçı olduğu bildirilib.

Yeniyetmə şahmatçı Xaqan Əhmədin FİDE-nin şahmat akademiyasında hazırlığı, eləcə də dünyanın tanınmış mütəxəssisləri Vladimir Çuçelov Boris Gelfandın azərbaycanlı şahmatçılarla təlimləri barədə icraiyyə komitəsinin üzvlərinə məlumat verilib.
İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması, o cümlədən Ümumdünya şahmat olimpiadasında iştirak edəcək kişi və qadın şahmatçılardan ibarət Azərbaycan komandalarının heyəti müzakirə olunub. Federasiyanın logosunun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinqə ehtiyac yaranması barədə fikir mübadiləsi aparılıb.

Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov AŞF-in nəzdində yaradılan şahmat akademiyasının fəaliyyəti barədə geniş məlumat verib. Akademiyada çalışan məşqçi və şahmatçıların hazırlıq proqramı açıqlanıb.

Sonda 2024-cü ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı məlumatlar dinlənilib.

Həmin kateqoriyadan