“Son 20 dəqiqədə “Neftçi”ni təzyiqdə saxladıq”

“Kəpəz” premyer liqanın 10-cu turunda evdə “Neftçi”yə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov yenilgiyə belə şərh verib: “Hər halda maraqlı, mübarizəli oyun gördük. İlk 15 dəqiqədə hardasa komandada bir balaca həyəcan hiss olunurdu. İlk növbədə bu da 4 illik fasilədən sonra komandanın elitada ev oyununa Gəncədə çıxması idi.

Azarkeşlərin stadiona gəlib, komandanı dəstəkləməsi istər-istəməz həyəcan yaratmışdı. Gəncəliləri təbrik edirəm, fanatlarımıza minnətdarıq. Gəldilər, dayanmadan bizi dəstəklədilər. Komanda qol buraxandan bir müddət sonra elə bil ayıldı. Çalışdıq ki, qarşımıza qoyulan vəzifəni yerinə yetirək.

Komanda son 20 dəqiqədə rəqibi təzyiqdə saxladı. Hər halda oyunun sınma nöqtəsi qırmızı vərəqə idi. Fikirləşirdim ki, komanda bundan sonra müdafiəyə oturacaq. Amma futbolçular sağ olsunlar, azlıqda qalmağımıza baxmayaraq yaxşı mübarizə apardıq”.

Həmin kateqoriyadan