“Bu oyunda Gəncədə bizdən böyük gözləntilər var idi”

Premyer liqanın 30-cu turunda “Kəpəz” səfərdə “Səbail”lə 3:3 heç-heçə edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Adil Şükürov oyun haqda danışıb:

“Bu gün yaxşı oyun ilə azarkeşlərimizi sevindirə bildik. Uzaq yol qət edib burada komandanı dəstəklədilər. Bu oyunda Gəncədə bizdən böyük gözləntilər var idi. Yeri gəlmişkən, bu gün sadiq azarkeşlərimizdən birinin doğum günüdür.

Oyundan əvvəl zəng edib uğurlar arzulayaraq yaxşı nəticənin onun üçün hədiyyə olacağını bildirdi. Yəqin ki, bu bir xal ilə onu təbrik edə bildik. Meydanda baş verənlərə gəlincə, birinci hissədə komanda yaxşı oynadı. Futbolçular verdiyimiz bütün tapşırıqları yerinə yetirdilər. İki qol vurduq.

Məcburi əvəzləmələrdən sonra komandanın oyununda eniş yaşandı. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Bu, gözlənilməz idi. Son dəqiqələrdə Matenin vurduğu mükəmməl qolla xal qazana bildik”.

Həmin kateqoriyadan