Tofiq Heydərov: Agırlıqqaldıranlarımız Tiflisdə uğurlu çıxış etdilər

Azərbaycan agırlıqqaldıranları Tiflisdə keçirilən Avropa çempionatında uğurlu çıxış ediblər. Allsport.az xəbər verir ki, atletlərimiz bu çempionatda müxtəlif hərəkətlər üzrə 7 qızıl və 2 bürünc medal qazanıblar.

Bizdən Valentin Xristov birdən qaldırma, təkanla qaldırma və qaldırdığı çəkinin ümumi göstəricilərinə görə 3 qızıl, Boyanka Kostova birdən qaldırma, təkanla qaldırma və qaldırdığı ümumi çəkiyə görə 3 qızıl, Əfqan Bayramov isə təkanla qaldırmaya görə 1 qızıl medal qazanıblar. Bu çempionatda 58 kq-da qadın atletlər arasında mübarizə aparan Boyanka qoparmada 109 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq, Avropada 23 yaşadək olan yeniyetmələr, təkanla qaldırma zamanı 125 q-ın öhdəsindən gəlməklə ustalar arasında yeni rekordlara imza atıb.

Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan “Azərtac”a müsahibəsində deyib: “Azərbaycan bu çempionatda 6 atlet ilə təmsil olunurdu. Onlardan da üçünün Avropa çempionu olması və bir nəfərin bürünc medal qazanması böyük nailiyyətdir. Digər tərəfdən azərbaycanlı atletlər ümumilikdə 7-si qızıl olmaqla 9 medal qazandılar. Bu böyük uğura görə mən Azərbaycan xalqını və idmançılarını təbrik edirəm”.

Avropa çempionatına əsas maliyyə dəstəyi göstərən Azərbaycan “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov deyib: “Bu çempionatda “Zirvə” klubunun da yetirmələri iştirak ediblər. Amma bizim üçün hansı klubun üzvünün qələbəsi deyil, ümumilikdə Azərbaycan atletlərinin qələbəsi vacib idi. İdmançılarımızın ümumi hesabda 9 medal qazanması çox böyük uğurdur. Bu həm də, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısının nəticəsidir. İdmançılarımız bu qayğını qazandıqları medallarla qiymətləndiriblər. Qarşıda bizi daha böyük sınaqlar gözləyir. İnanıram ki, atletlərimiz dünya çempionatından da çoxlu medalla qayıdacaqlar”.

Çempionatın münsiflər heyətinin üzvü, dünya və olimpiya oyunları hakimi Vahid Nəzərov atletlərimizin “Bakı-2015” Avropa Oyunları ərəfəsində qazandıqları medalları böyük uğur adlandırıb. O deyib ki, bu medallar Bakıda keçiriləcək birinci Avropa Oyunları üçün yaxşı başlanğıcdır: “İnanıram ki, idmançılarımız həm Avropa Oyunlarında, həm də bu ilin payızında ABŞ-da keçiriləcək ağır atletika üzrə dünya çempionatında da böyük uğurlar qazanacaqlar”.

Bu mötəbər yarışın hakimlər heyətinin üzvü, Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Azad Mustafayev deyib: “Bu çempionatda bütün atletlərin çıxışları beynəlxalq normalara və qaydalara uyğun olub. Azərbaycan atletlərinin heç birinin çıxışında qayda pozuntusu qeydə alınmayıb. Bu da atletlərimizin yarışa ciddi hazırlıqlarının və məsuliyyətlə yanaşmalarının, eləcə də yüksək intizamın göstəricisidir. Qeyd edək ki, aprelin 16-da Azərbaycan atletlərinin Avropa çempionatındakı çıxışları başa çatıb. Çempionat aprelin 18-dək davam edəcəkdir.

Həmin kateqoriyadan