“Müqavilənin uzadılması ilə öz kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik”

“Fairmont” mehmanxanasında təşkil olunan tədbirdə Azərbaycan qran-prisinin promouteri Bakı Şəhər Halqası əməliyyat şirkətini Formula1 ilə müqaviləni daha 3 il uzadıb. Allsport.az saytı xəbər verir ki, anlaşmadan sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov bundan böyük məmnunluq duyduğunu bildirib:

“Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda baş tutan Formula 1 yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu keçən ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Həmçinin bu yarışlarda biz Formula 1-in ən önəmli məqamlarını da müşahidə edə bildik.

Bundan başqa, hər ötən il dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur və biz çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusilə Azərbaycan Qran Prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək mən cənab Kerri başda olmaqla Formula 1-də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm.

Müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları Formula1-in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər. Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və biz böyük məmnuniyyətlə builki yarış daxil olmaqla daha 5 yarışa evsahibliyi etməyə hazırıq”

Həmin kateqoriyadan