Tarix yazan sürücülər! Maks Ostin mükafat yarışında 5-ci ola bilər

74 il ərzində Formula-1-də yalnız 4 sürücü 50-dən çox qələbə qazana bilib və onlar “Klub-50” təşkil edirlər. Allsport.az saytı xəbər verir ki, bunun təməlini Alen Prost qoyub. 4-qat dünya çempionu 1993-cü il iyulun 11-də Britaniya qran prisində 192-ci yarışında 50-ci qələbə qazanan ilk sürücü olub. 38 yaşlı “professor” mövsümün sonuna qədər daha bir qələbəyə yetişərək karyerasını 51 qələbə ilə başa vurub.

Maraqlıdır ki, Silverstounda uğura sevinəndə, onun sağ tərəfində o zaman cəmi 1 qələbəsi olan Mixael Şumaxer dayanmışdı. Məhz almaniyalı “qırmızı baron” 2001-ci il iyulun 1-də Fransa mükafat yarışında 50-ci qələbəsini qazanıb. O zaman 154-cü yarışına çıxan 7-qat dünya çempionunun 32 yaşı var idi. Mixael karyerasını 91 qələbə ilə bitirib.

Klubun 3-cü üzvü isə Lüis Həmilton oldu. 2016-cı ildə 31 yaşlı britaniyalı sürücü sevimli Ostin trasında 50-ci dəfə podiumun zirvəsinə qalxdı. Bu, 7-qat dünya çempionunun 185-ci yarışı idi. Lüis hələ də karyerasını davam etdirir və indi onun hesabında 103 qələbə var!

Klubun 4-cü, sonuncu üzvü isə Sebastyan Fetteldir. Almaniyalı sürücü 31 yaşında 205-ci yarışında Kanada qran prisində yubiley qələbəsini bayram etmişdi. Bundan sonra daha 3 dəfə sevinən 4-qat dünya çempionu artıq karyerasını başa vurub.

Bu həftəsonu klubun 5-ci üzvü peyda ola bilər. 2 həftə əvvəl Maks Ferstappen Qətərdə 49-cu qələbəsini qazanıb. Əgər bu dəfə Ostində (181-ci yarışı olacaq) fərqlənərsə, onda 3-qat dünya çempionu 50 qələbə qazanmış ən gənc sürücü olacaq. Maks bir az əvvəl 26 yaşını qeyd edib.

Həmin kateqoriyadan