Azərbaycan qran prisinin biletləri satışda

“Formula-1 Qatar Airways” Azərbaycan qran prisi 2024 üçün bilet satışına start verilib.

Allsport.az xəbər verir ki, bu barədə Bakı şəhər halqası əməliyyat şirkəti (BŞH) məlumat yayıb.

Bildirilib ki, fevralın 20-dən etibarən “Formula-1 Qatar Airways” Azərbaycan qran prisi üçün “early bird” erkən bilet satışına start verir. Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək.

Bilet əldə edən azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək. Beləliklə, hər kəs sevimli F-1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanacaq.

Sentyabrın 13-15-də baş tutacaq “Formula-1” qran-prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.

Həmin kateqoriyadan