10 ildən sonra ilk het-trik

“Neftçi”nin kapitanı Emin Mahmudov karyerasında ilk het-triki edib. Allsport.az saytı xəbər verir ki,  təcrübəli yarımmüdafiəçi premyer liqasının XV turunun “Səbail”lə ev oyununda 3 qolla komandasına qələbə qazandırıb – 3:1. O bu görüşədək rəsmi matçlarda 3 və ya daha çox qol vurmayıb.

Emin “ağ-qaralar”ın heyətində son 10 mövsümdə bunu bacaran ilk futbolçudur. Bakı klubunda bir matçda ən azı üç qol vuran sonuncu oyunçu Nikolas Kanales olub. Çilili forvard 2012/13 mövsümündə “Sumqayıt”la qarşılaşmada (8:1) poker edib. 2012-ci il noyabrın 17-də baş tutan görüşdən 10 il 10 gün sonra Emin het-trik müəllifi olub.

Flaqmanın son het-triki isə 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il dekabrın 11-də Bahodir Nasimov AzAL-ı üç dəfə məyus edib – 7:1. Emin həm də karyerasının rekorduna imza atıb. Cari çempionatda 9 qol vuran futbolçu ən məhsuldar mövsümünü keçirir. O, 2018/19 mövsümündəki 8 qolluq şəxsi rekordunu yeniləyib.

Mahmudov həm də premyer liqada mövsümün ilk het-trikinə imza atıb. Ümumən o, “Neftçi”də qol sayını 40-a, premyer liqada isə 30-a çatdırıb. O, digər qollarından 8-ni avrokuboklar, 2-ni ölkə kubokunda vurub.

Həmin kateqoriyadan