- Baxış sayı: 57
- 06 Noyabr 2026 18:06
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

8 noyabr – zəfər gününə həsr olunmuş 21 kilometrlik “Masallı zəfər qaçışı 2026” yarımarafonu keçirilib.
Allsport.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək abidələri önünə tər güllər düzüblər.
Yarımarafonun start nöqtəsində iştirakçıları salamlayan Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, bu kimi kütləvi idman tədbirlərinin sağlam həyat tərzinin təşviqində, gənclərin idmana marağının artırılmasında və zəfər ruhunun yaşadılmasında mühüm rol oynadığını vurğulayıb.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan respublikasının dövlət himni səsləndirildikdən sonra yarımarafona start verilib.
İştirakçılar Masallı rayon icra hakimiyyətinin qarşısındakı meydandan start götürərək Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndindən keçən marşrut üzrə hərəkət ediblər. 21 kilometrlik məsafəni qət edən idmançılar yarışı Masallı şəhərində yerləşən Heydər Əliyev Parkında başa vurublar.
Yarışın sonunda qaliblərə Masallı rayon icra hakimiyyəti tərəfindən kuboklar, fəxri fərmanlar və pul mükafatları təqdim olunub. Marşrutu tam başa vuran digər iştirakçılar isə medal və sertifikatlarla təltif ediliblər.
“Masallı zəfər qaçışı 2026” yarımarafonu zəfər gününün mənəvi dəyərlərinin təbliği, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, eləcə də rayonda idmanın və sağlam həyat tərzinin təşviqi baxımından əlamətdar idman tədbiri kimi yadda qalıb.