“2 həftə ərzində 3-cü dəfə “Qarabağ”la qarşılaşırdıq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” – “Qarabağ” matçından (1:0) sonra, meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Ağır oyun olacağını bilirdik. Demək olar ki, 2 həftə ərzində 3-cü dəfə “Qarabağ”la qarşılaşırdıq. Futbolçuları motivasiya etmək, mikrozədələri aradan qaldırmaq böyük güc tələb edir. Komanda xarakter göstərdi, matça yaxşı kökləndiyini hiss etdirə bildi.

90 dəqiqə layiqli mübarizə apardıq və “Qarabağ” kimi komandaya qarşı sonadək vuruşduq. Heyətimiz geniş olmadığı üçün Rövlan Muradov müdafiədə oynadı. Əvəzetmə zamanı da bəzən məcburiyyətdən belə alınır. Buna görə narahat deyilik. Komandanın xarakteri var və bunu dəfələrlə göstərib.

İndi avrokubok haqda düşünmürük. Çempionatda ilin son oyunu qalıb və ona köklənməliyik. Çalışacağıq ki, həm çempionat, həm kubokda uğurla çıxış edək”.

Həmin kateqoriyadan