25-ci duel

Bu gün premyer liqada XXVI tur start götürəcək. Allsport.az xəbər verir ki, “Qəbələ” turun ikinci günündə səfərdə “Zirə” ilə görüşəcək.

Zirə idman kompleksinin stadionunda təşkil olunacaq matç iki rəqib arasında 25-ci duel kimi tarixə düşəcək. Əvvəlki 24 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir. 10 heç-heçəsi olan komanda 5 dəfə məğlub olub. Baş tutan görüşlərdə 33 qol vuran “Qəbələ” öz qapısından 22 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi “Zirə” ilə matçlarda 4 qol vurub. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopes hərəyə 2 qola sevinib.

Əvvəlki 24 qarşılaşmadan 22-si çempionat, 2-si kuboka təsadüf edib. Premyer liqa çərçivəsində baş tutan 22 görüşdən yeddisində 3, onunda 1 xal əldə edən “Qəbələ” 5 dəfə uduzub. Komanda 26 qol vurduğu matçlarda 20 top buraxıb.

13-cü dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 12 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda eyni sayda – 4 dəfə qələbə, heç-heçə və məğlubiyyət qeydə alınıb. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 13-nü buraxıb.

Mayın 9-da keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan