36-cı duel

Bu həftə premyer liqada XXIII tura start veriləcək. “Qəbələ” ilk oyun günündə “Sumqayıt”la qarşılaşacaq. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” cari mövsümün üç oyununda uduzmadığı “Gənclik şəhəri” təmsilçisinin qonağı olacaq.

Son iki matçda eyni – 1:0 hesabı ilə qalib gələn komanda bu dəfə səfər sınağına çıxacaq. Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq qarşılaşma iki komanda arasında 36-cı duel kimi tarixə düşəcək. İndiyədək 35 dəfə üz-üzə gələn rəqiblərin görüşlərində üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 21 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 57 top keçirən futbolçular 25 top buraxıblar. “Qəbələ”nin “Sumqayıt”la matçlardakı ən yaxşı bombardiri Viktor Mendidir. Onun hesabında 7 top var.

“Qəbələ” və “Sumqayıt” premyer liqa çərçivəsində 35-ci dəfə görüşəcək. Çempionatdakı 34 görüşdən 20-də üç xala sevinən komandamız 10 dəfə bir xalla kifayətlənib və yalnız 4 dəfə uduzub. “Qırmızı-qaralar” bu oyunlarda 56 qol vurub, 25-ni buraxıb.

17-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfərdə 16 oyun keçirib. Rəqib meydanından 7 dəfə qalib dönən futbolçularımız 6 heç-heçə edib və 3 dəfə məğlubiyyətlə üzləşib. Səfərdə 23 qol vuran komandamız 15 top buraxıb.

Aprelin 16-da keçiriləcək “Sumqayıt” – “Qəbələ”  matçı saat 20:15-də başlayacaq.

Həmin kateqoriyadan