Ramin Quliyev: “Artıq futbolçularda özünəinam azalır”

“Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik”.

Allsport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Ramin Quliyev evdə “Qəbələ”yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan premyer liqasının 3-cü tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandada istəksizlik yoxdur: “Srdıcıl məğlubiyyətlər və 3 oyuna qol vura bilməməyimiz inamsızlıq yaradır. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır”.

Onun sözlərinə görə, hazırkı vəziyyətdən çıxış yolu tapmaq lazımdır: “Yenə deyirəm, bir az vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Oyunlara baxıb təhlil edəcəyik”.

Quliyev komanda daxilində hər şey yaxşı olduğunu söyləyib: “Düzdür, məğlubiyyətlər heç kimə xoş deyil, amma ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır”.

Həmin kateqoriyadan