“Azarkeşsiz futbol olmur”

Premyer liqanın 13-cüI turunda 1:0 başa çatan “Qəbələ” – “Zirə” oyunundan sonra, meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Oyunun çətin, ağır keçəcəyini öncədən bilirdik. “Zirə” yaxşı komandadır, güclü futbolçulardan təşkil olunmuş kollektivdir. Futbolçular planımızda olan hər şeyi meydanda göstərməyə çalışırdılar. İlk dəqiqədən matçın sonunadək tonusda oldular, oyundan qopmadılar. Komandanı təbrik edirəm. Bu görüşü daha gözəl etmək mümkün idi. Azarkeşsiz futbol olmur. Bu qələbəni “Red Black Army”yə həsr edirik. Bu, onların qələbəsidir. Stadionda olmasalar da, yanımızdadırlar.

Onlara təşəkkürümü bildirirəm. Ülvi İsgəndərovdan həmişə qeyri-adi nə isə gözləmək olar. O bunu dəfələrlə göstərib. Ülvi çempionatda inandığım qeyri-adi hücumçulardan biridir ki, matçın taleyini hər an həll edə bilər. İsgəndərov üzərinə nə düşürdüsə, onu etdi və komandaya qələbə qazandırdı. Ülvi çox dəyişməlidir ki, uğura daha yaxın olsun. Onda olan bəzi komponentlər çox futbolçuda yoxdur”.

Həmin kateqoriyadan