“Bakı, Avropa şəhərləri kimidir, sürətlə böyüyür”

“Yay transfer pəncərəsində seçim etmək üçün tələsmədim və təklifləri dərindən incələdim. İsrail, Ruminiya, Niderland və Səudiyyə Ərəbistanından da təkliflərim var idi”.

Allsport.az xəbər verir ki, bunu “Zirə”nin yeni transferi Loris Bronyo paytaxt təmsilçisinə keçidi barədə “voetbalkrant.com” saytına açıqlamasında deyib.

Belçikalı hücumçu bildirib ki, həm özü, həm də ailəsi üçün “qartallar”ın təklifini qəbul edib: “Fikrimcə, düzgün addım atdım. Yalan danışmayacağam, burada yaxşı maliyyə şərtləri də rol oynadı. Amma Səudiyyə Ərəbistanına getsəydim, daha çox pul qazana bilərdim. Digər tərəfdən, Belçika klublarının konkret təkliflə müraciət etməməsi məni məyus etdi”.

29 yaşlı forvard yeni komandasında özünü yaxşı hiss etdiyini söyləyib: “Bakı, Avropa şəhərləri kimidir, sürətlə böyüyür. Bakı olimpiya stadionunun yaxınlığında yaşayır, oradakı meydançada məşq edirik. Yalnız oyun günləri paytaxtdan 13 kilometr aralıda yerləşən Zirəyə gedirik. Çempionatın səviyyəsi yaxşıdır, oyunlar gərgin keçir”.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov barədə də danışan Bronyo 39 yaşlı mütəxəssisin yüksək intensivlikli oyun üslubuna üstünlük verdiyini vurğulayıb: “Bu isə mənim xoşuma gəlir. Sadıqov Azərbaycan futbolunun keçmiş ulduzudur. Burada onu hamı tanıyır və hörmət edir. O, əsl rəhbərdir. Baş məşqçi hamını qanadım altına almağı və təcrübəmi komanda ilə bölüşməyimi istəyir. O, mənim üzərimə çox məsuliyyət qoyur və bunu yüksək qiymətləndirirəm”.

“Zirə” Loris Bronyo ilə 2 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan