Tərlan Əhmədov: Bizi əks-hücumlarda yaxalamağa səy göstərirdilər

“Kəpəz” premyer liqanın 14-cü turunda evdə “Turan Tovuz” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov bunu söyləyib: “Maraqlı oyun oldu. Bilirdik ki, rəqib əks-hücumda oynayacaq və belə həmlələrdə bizi müdafiədə tutmağa çalışacaq. Bütün oyunları hücumda oynayan komanda kimi bizi analiz etmişdilər. Açığı, rəqibi təzyiq altında saxladığımızı deyə bilərəm. İmkan vermirdik ki, rəqib meydanın özünə aid olan hissəsindən çıxsın. Hücumları vardı.

Bizi əks-hücumlarda yaxalamağa səy göstərirdilər. Birinci hissədə oyunun taleyinə bəlkə də aydınlıq gələ bilərdi. Yaradılan qol imkanlarından lazımınca istifadə olunsaydı. Oyun baxımından hətta məğlub olsaydıq belə razı qalacaqdım. Son dəqiqələrdə rəqib bizim qapı önündə iki qol epizodu yaratdı. Təbii ki, bütün oyunu hücumda çıxış edən komandanın müdafiə xəttində boşluqlar verməsi qaçılmazdır.

Qonaqların əks-hücumda oynaya biləcək oyunçuları var. Futbolçularım mübariz oyun keyfiyyəti ortaya qoydular. Rəqibə imkan vermədilər ki, öz oyununu diqtə etsin. Hər halda bir xal hər iki komanda üçün layiqli nəticədir. Bu gün səhvi minimuma endirmişdik. Hər zaman çalışırıq ki, komandada oyun nizam-intizamı yaxşı olsun. Rəqiblər arasında fərq qoymadan həmişə hücum futbolu oynamağa çalışırıq. İstədiyim futbolun çox hissəsini bu gün meydanda gördüm”.

Həmin kateqoriyadan