Futnet federasiyasının rəsmiləri Rioda Bebetonun qonağı olub

Azərbaycan futnet federasiyasının rəsmiləri Braziliya millisinin heyətində dünya çempionu olan Bebetonun qonağı olublar. Allsport.az saytı xəbər verir ki, Rio-de-Janeyro şəhərində veteran futbolçunun evində baş tutan görüşdə AFNF-in prezidenti Vüsal Xəlilov, sabiq braziliyalı hücumçuya hədiyyələr təqdim edib. Azərbaycanın rəmzlərini, tarixi və mədəni irsini özündə əks etdirən sovqatlarını Bebetoya çatdırmaqla yanaşı, ölkəmizdə futbolsevərlərin braziliyalının ecazkar oyununu unutmadıqlarını bildirib.

Azərbaycanda futtennis və futvolenin keçdiyi inkişaf yolundan bəhs edən qurum prezidenti gələcəkdə bu idman növlərinin daha da populyarlaşması üçün mühüm addımlar atılacağını, önəmli planlarının olduğunu söyləyib. Baş katib Əfqan Həmzəyev Bakıda keçiriləcək beynəlxalq yarışlarda Bebeto kimi nüfuzlu qonağı görməkdən böyük məmnunluq duyacaqlarını, braziliyalının bu işə töhfə verəcəyini deyib.

1994-cü ildə dünya çempionatının əsas qəhramanlarından biri olan Bebeto görüş zamanı Beynəlxalq Futvole Federasiyasının rəhbəri Vüsal Xəlilova “7” nömrəli formasını imzalayaraq hədiyyə edib. Azərbaycanlı federasiya rəsmilərini evində qəbul etməkdən böyük qürur hissi keçirdiyini vurğulayan “Ağ qızıl” ləqəbli keçmiş forvard Azərbaycan haqqında eşitdiyini və mütləq ölkəmizi görmək istədiyini bildirib.

29 apreldə Rioda futvole üzrə dünya çempionatının seçmə mərhələsi start götürüb. Turnirin qalibləri Bakıda baş tutacaq final mərhələsində qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan