Gənclər və idman nazirliyində çevriliş baş tutmadı: Heydər Əliyevin portreti ilə büstünü kim götürtmüşdü?

Azərbaycan müstəqillik qazandıqdan sonra, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Bunu, ilk olaraq, həmişə düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları ilə seçilən ümummilli lider Heydər Əliyev etdi. Dahi siyasətçinin sərəncamı ilə 26 iyul 1994-cü ildə gənclər və idman nazirliyinin yarandı. Təbii, bunun üçün, ilk növbədə, ölkənin simasına çevrilən növlərə dəstək verilməsi vacib idi. 1997-ci ildə milli olimpiya komitəsində dəyişiklik – İlham Əliyevin prezident seçilməsi – buna təkan verdi. Onun təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoydu.

Böyük uğurlara yetişmək üçün çox gözləməli olmadıq. 2 il sonra, Sidney-2000 yay olimpiya oyunlarında yeni çağdaş Azərbaycanın səsi nəinki finalda, ən yüksək zirvədə eşidildi. Özü də 2 dəfə! Qələbənin davamı kimi, komandamız hər “dördillik”də ən azı, 1 olimpiya qızılına sahib çıxmağı bacardı. Medal sayına görə rekord göstərici (18!) Rio-2016-da qeydə alındı.

Ölkəmiz bu illər ərzində tək istedadlı idmançıları ilə deyil, mötəbər beynəlxalq yarışların keçirilmə məkanı olaraq ad çıxardı. Bakı-2015 ilk Avropa oyunları, Ümumdünya şahmat olimpiadası-2016, Bakı-2017 İslam həmrəyliyi oyunları, Bakı-2019 gənclərin yay olimpiya festivalı, UEFA Avropa liqasının finalı (2019), Avro-2020 final mərhələsinin 4 oyunu; ənənəvi tədbirlərdən Vüqar Həşimovun xatirəsinə Şəmkir şahmat superturniri, 2.1 dərəcəli “Azərbaycan turu” veloyürüşü, Formula-1 Azərbaycan qran-prisi və top-komanda idman növlərində ən yüksək reytinqli klub yarışların təşkilatçısı, eləcə də gimnastika, güləş, boks və cüdo üzrə dünya çempionatları.

Sözsüz ki, bu yarışlarda idmançılarımız saysız-hesabsız medallar qazanıblar, klublarımız qalib və finalçı olublar. Onları bir-bir sadalamağa günlər və geniş səhifələr lazım. Onsuz da keçmiş indiki idman məmurlarına maraqlı deyil, oxumayacaqlar da. Axı ardı-arası kəsilməyən zəfərlər onların dönəmində olmayıb. Sadəcə, bu qısa səyahətimin başqa səbəb var. Çünki qeyd etdiyim nailiyyətlər havadan olmayıb. Uğurların qazanılmasında keçmiş gənclər və idman nazirləri Əbülfəs Qarayev ilə Azad Rəhimovun və onların komandalarının böyük payı olub. Uca Allahın gözəl nizamına bax: adı ilk çəkilən şəxs ümummilli lider Heydər Əliyevin, digəri onun layiqli davamçı İlham Əliyevin hakimiyyəti dövründə bu vəzifələrə təyin olunublar.

“Dədə Qorqud” filmində sona yaxın el atasının kədərli monoloqu var: “Şadlıq elədik, çaldıq, oxuduq. Elə bildik, Oğuz elinin qadalı-balalı günləri qurtarıb getdi. Nə biləydik ki, müsibətli günlərimiz qabaqdaymış. Nə biləydik ki, hələ başımıza nə qəzalar gələcək, yurdumuz nə bəlalar görəcək…” 2021-ci ilin aprelin 30-da ABŞ-dan qara xəbər gəldi. Uzun sürən xəstəlikdən sonra, Azad Rəhimov Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində, 56 yaşında dünyasını dəyişdi. Dövlətimiz onun xidmətlərinə layiqincə qiymət verdi: mayın 2-də Vətəndə, 2-ci Fəxri xiyabanda dəfn olundu. 

Durumun qanunauyğunluğu kimi, həmin ili Azərbaycan idmanı da “xəstəliyə” tutuldu. Olimpiya millisi Tokioya başsız yollandı və nəticədə, 25 il sonra komandamız oyunlardan qızıl medalsız döndü. Üstəlik, say baxımından da kəskin azalma oldu (7!). Bunca mükafatı milli Pekin-2008-də qazanmışdı. Bəli, idmanımız sürətlə geriyə addımlayırdı. Hətta söz-söhbət gəzirdi ki, nazirlik ləğv olunacaq və yenidən komitəyə çevriləcək. 2021-ci ilin sentyabrında ölkə başçısı İlham Əliyev məsələyə nöqtə qoydu: Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdi, ona və idman camiyəsinə mesaj da verdi: “İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə olimpiya oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur. Vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”.

Yeni nazir işə fəal başladı. Bir-bir federasiyalarla tanış oldu, onların şəraiti ilə maraqlandı. Tapşırdı ki, legionçuları milliyə az dəvət etsinlər; əsas diqqəti yerlilərin yetişməsinə yönəltsinlər. Amma onun Azad Rəhimovun komandasından imtinası daşı yerindən tərpətdi. Ötən ilin sonlarında edilən köklü dəyişikliklər  ictimaiyyətdə birmənalı qarşılanmadı. Hamı düşünməyə başladı: yəni ölkədə bir nəfər təmiz azərbaycanlı mütəxəssis yoxdur? Bütün məsul vəzifələrdən qovulan, idman üzrə ali təhsili olmayan şəxs bu sahəni necə yüksəldə bilər? Nə çox tələbə yoldaşı. Artıq ox yaydan çıxmış, qara günlərə start verilmişdi…

Əmri verilsə də, dərhal işə çıxmadı. Çünki sələfinin otağı nədənsə xoşuna gəlmirdi. Tələsik təmir elətdirdi. Mebelləri özü ilə gətirdiyi katibəsinə ötürdü. Qəbul otağında elə mənzərə yarandı ki, onun deyil, katibənin qəbulundasan. Özünə yeni, baha mebellər aldırdı. Qapını da dəyişdirtdi. İdman şöbəsində digər qapılardan fərqlənməli idi, axı. Ən acınacaqlısı, otaqda Heydər Əliyevlə İlham Əliyevin əlbəsədə olan iri portretlərinin yoxa çıxması oldu. Bu azmış kimi, gələn gündən bacarıqlı kadrları bir-bir dənləməyə başlayıb. Yarandağı gündən, 26 iyul 1994-cü ildən hamıya açıq olan nazirlik, idman üzrə müavin İsmayıl İsmayılov və idman şöbəsinin müdiri Fərid Mansurovdan sonra insanların üzünə bağlanıb. Katibə qəbul otağında tanımadığı adam görəndə, duruxsunur. Dərhal nazirliyə necə daxil olduğunu soruşur. Azərbaycan idmanının gününə bax!
Nazirliyin girişində dayanan gənc sarışın xanımın olimpiya çempionu Toğrul Əsgərovu tanımaması, onu yuxarı buraxmaması, titullu idmançını yoldan keçən hansısa oğlana bənzətməsi isə ayrı bir faciədir. Hardan bilsin ki, onun 31 yaşı var, artıq kişidir, ailə qurmağa hazırlaşır. Titullu idmançıları, məşhur mütəxəssisləri, nazirliyin öz işçilərini əzbər tanımayanların idman sahəsində, özü də dövlət idarəsində nə işləri var.

Nazirliyin dəhlizindən söz düşmüşkən, bir müddət öncə oradakı mənzərə həddi aşmışdı. Rəhmətlik Azad Rəhimovun tapşırığı ilə nazirliyin foyesində şölə saçan Heydər Əliyevin iri portreti və ağ mərmər büstü təmir-bərpadan sonra yoxa çıxmışdı. Çox güman, Fərid Qayıbovun bundan xəbəri yox idi. Onun iş otağı 4-cü mərtəbədə yerləşir. Giriş nazirliyinin həyətinin ön deyil, arxa tərəfindəndir. Həmin mərtəbəni o vaxtı Azad Rəhimov tikdirib. Birbaşa xidməti lift də var. Nazirə məxsus kabinetlər binanın sol, kənar hissəsində yerləşir və orda olan bir qapı o mərtəbədə kəsimi digərlərindən ayırır. Bu yaxınlarda idman akademiyasında KİV üçün təşkil olunan seminarda iştirak edən gənc nazir açıq söhbətdə etiraf etdi ki, onun da nədənsə xəbəri olmaya bilər. Bəli, açıq görünür ki, Fərid Qayıbovun komandası arxadan onun əleyhinə iş çevirir. Yoxsa, Azad Rəhimovun dönəmində 1-ci mərtəbənin dəhlizində yaradılan Heydər Əliyev guşəsi kimə maneçilik törədə bilərdi? Çox güman, məsələ yuxarıya çatıb və nazir bundan xəbər tutub, müdaxilə edib.

Amma qaranlıq məsələ tam çözülməyib. Azərbaycanın özünə görə şanlı 31 illik idman salnaməsi cəmi 12 fotoya sığışdırılıb, əvvəlkilər bir göstərişlə cırılıb atılıb. Orada nə mərhum nazirin, nə də Əbülfəs Qarayevin şəkili qalıb. Heç olimpiya çempionlarına da rast gəlinmir. Əvəzində, iki daşın arasında öz fotolarını dürtüşdürüblər. Axı siz Azərbaycan idmanı üçün nə etmisiz? Gəlişinizin heç bir ili tamam olmayıb. Narazılıq, qarğış, lənət, söz-söhbət xirtdəyəcəndir. SSRİ də bu üzdən dağıldı. Hər yeni gələn, öncəkinin işini bəyənmədi, hər şeyi sıfırdan başladı. Nəticədə, hər dəfə yenilik, gələnəyi məhv elədi. GİN-in mənalı, zirvəyə ucalan nişanı dəyişməklə, gənclərin arxa plana keçirilməsi və bu sahədə tədbir-təbliğatın azaldılması isə, huri-mələklərin də baş açmadığı düsturdur.

Nazirliyin qarşısında Heydər və İlham Əliyevlərin olimpiya çempionları ilə şəkili olan nəhəng lövhəni sökərək yerinə təzə loqonu vurmaq, nazirliyin əməkdaşlarına oyun oynamaları üçün arxasında basketbol səbəti düzəltdirmək, qarşısına da qolf meydançası salmaq ayrı bir dərddir. Heç anlamıram, işdən necə yayınmaq olar? Özü də dövlət qulluğunda. Tutaq ki, nahar fasiləsini nəzərdə tutublar; yemək yaxşı həzm olunsun. Yayın istisində günorta nahardan dərhal sonra idman məqbul sayılmır. İşdən çıxanda? O da inanılası deyil. Hərə öz evinə tələsir.

Boş vaxtında idman etməyənlər birdən-birə “həvəsə gəlib” nazirliyin həyətində top atıb, oyun oynayırlar. Aydın məsələdir ki, tapşırıq belədir, kamera qarşısında görüntü lazım. Bəli, görüntü! Yayda gimnastik hərəkət edib tərləyib, elə də kondisioner çalışan otaqda oturmaq? İdman mütəxəssisləri istidən soyuğa keçərkən, sərin və soyuq fəsillərdə adi insanların açıq havada top-top oynamasının hansı fəsadın olacağını yaxşı bilirlər. Dərd burasındadır ki, indi nazirlikdə bilməyən biləni öyrədir. Sabah nazirliyin kabinetlərinin bəzilərində duş kabinəsi, kisə-maşalka və masaj otaqlarının fəaliyyətə başlamasını eşitsəm, təəccüblənmərəm. Gəzən söz-söhbətə görə, GİN-in nəzdində olan və həyətində yerləşən olan maşınyuma qarajı nazirliyin öz əməkdaşlarına pullu xidmət göstərməkdədir.

Yanlış addımlar atılır, hədəf kimi Fərid Qayıbov tuşlanır, bilərəkdən gözdən salınır, tənqid atəşinə tutulur. Gör durum hansı həddə çatıb ki, qatı müxalifətçi, iqitidara sərt çıxışları ilə tanınan AG partiyanın sədri Tural Abbaslı, Azad Rəhimova rəhmət oxuyur, gələnin-gedənə rəhmət oxurdurduğunu söyləyir, “Xural” TV-də Marqartita adlı xanımı tənqid edir. Bilmədim söhbət kimdən getdi, amma Aleksand Dümanın “Xəmsə”sində xəyanətkar “Kraliça Marqo”nun taleyi yaxşı sonluqla bitmir.

Za­man aman­sız­dır və onun hər anı­nın öz hök­mü var. Onu ya­şat­ma­ğa cəhd gös­tə­rən ta­rix­sə, bü­tün elm­lə­rin ən sub­yek­ti­vi­dir. Çün­ki za­man­dan sa­va­yı, hər bir ha­di­sə, həm də onu ta­ri­xə həkk edə­nin “rəng­kar­lıq”ının, onun dün­ya­gö­rü­şü­nün, ma­raq­la­rı­nın, priz­ma­sı­nın süz­gə­cin­dən ke­çir. Hər şe­yə rəğ­mən, keçmiş ya­şa­yır, ya­şa­dır…

Həmin kateqoriyadan