Avarçəkənlərimiz “Prezident kuboku”nun son günündə daha 4 medal qazanıblar

Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə beynəlxalq reqata sona yetib. Allsport.az saytı xəbər verir ki, “Kür” olimpiya tədris-idman mərkəzində keçirilən son yarış günündə idmançılarımız 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.

2-nəfərlik kayak qayığında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə yürüşdə Tengiz Qaqnidze – Qiyas Əhmədov cütü qızıl medala layiq görülüb. Eyni yürüşdə Niyaz Məlikov – İvan Vorobyanski cütü ikinci yer tutub.

Sənan Cəfərzadə ilə Tahir Mövsümov 2010-2011-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayakda 1000 metr məsafəyə yarışda üçüncü yerə layiq görülüblər. Komandamıza daha bir medalı ikinəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşdə Azər İlyasov – Tunar Məmmədzadə cütü qazandırıb. Onlar 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Beləliklə, Azərbaycan komandası “Prezident kuboku-2026” beynəlxalq reqatasını 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla, cəmdə 9 medalla başa vurub.

20-yədək ölkədən 100-dən artıq idmançının mübarizə apardığı reqatada komanda hesabında Gürcüstan həm akademik, həm də kanoe növündə kuboka sahib olub.

“Prezident kuboku” prezident İlham Əliyevin tapşırığı ilə ilk dəfə Sərsəng su anbarından başlayıb, Suqovuşan və Mingəçevirdə davam edib.

Həmin kateqoriyadan