“Hər oyun bizim üçün derbi xarakteri daşıyır”

Azərbaycan premyer liqasının XV turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, “al qurdlar”ın çalışdırıcısı oyun haqda bunu deyib:

“Ağır oyun oldu. Kimə qarşı oynadığımızı bilirdik. “Turan Tovuz” bu mövsüm iddialıdır və meydanda yaxşı işlər görür. Həftə ərzində komandanı buna hazırlayırdıq. Sonda istəyimizə nail olduq. Yolumuza davam edirik.

Əslində komanda stress altında oynamağı bacarmalıdır. Amma birinci turdan üzərimizdə hansısa təzyiq, gərginlik hiss etməmişik. Komandanı hər zaman stressdən uzaq tutmuşuq.

Yaxşı, keyfiyyətli futbolçularımız var. Onlardan güc alırıq. Məşqlərdə verdiklərimiz tapşırıqları meydanda icra edirlər. Hücum planında bir qədər artırmalıyıq. Hər oyunda 6-7 real qol epizodu yaradırıq, problem onları realizə etməklə bağlıdır. Bunun üzərində işləməli, kreativliyi artırmalıyıq.

Rəqiblərimizin qarşılaşmalarından çox öz oyunlarımıza diqqət edir, köklənirik. Hər oyun bizim üçün derbi xarakteri daşıyır”.

Həmin kateqoriyadan