“İlk növbədə Yamalın sağlamlığını düşünürük”

“İlk növbədə Yamalın sağlamlığını düşünürük”

İspaniya millisinin baş məşqçisi Lüis de la Fuente Lamin Yamalın millətlər liqasında Çex Respublikası ilə oyunda iştirak etməyəcəyi ilə bağlı qərarı şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis “Barselona”nın futbolçusunun sağlamlığını riskə atmaq istəmədiklərini söyləyib:

“Bu, düzgün qərardır. Əlbəttə, o, oynamaq istəyirdi. Ciddi zərurət yaransaydı, onu Çex Respublikası ilə görüşdə start heyətində meydana buraxardıq. Ancaq risk etməyə dəyməzdi. İlk növbədə onun sağlamlığını, daha sonra isə bazar gününə tam hazır olmasını düşündük”.

Dizindəki problem səbəbindən millinin düşərgəsinə qatılmayan Yamalın vəziyyətinə toxunan de la Fuente onun yaxın vaxtlarda komandaya qoşula biləcəyini qeyd edib:

“Onda özünü normal hiss etməsinə mane olan yüngül iltihab var. Hər şey qaydasında olsa, tezliklə gələcək”.

Baş məşqçi sağlamlıq məsələsində bütün futbolçulara eyni yanaşdıqlarını da vurğulayıb:

“Sağlamlıqdan söhbət gedirsə, oyunçular arasında heç bir fərq yoxdur. Final matçı olanda futbolçular şəraitdən asılı olmayaraq özləri heyətə salınmalarını istəyirlər. İndiki halda ən yaxşısı onların növbəti qarşılaşmaya tam hazır olmalarıdır. Cümə axşamı oynaya bilərdilər, amma bu halda bazar gününə eyni dərəcədə yaxşı vəziyyətdə çatmaya bilərdilər”.

Həmin kateqoriyadan