“Keşlə” vəkilin ittihamları ilə bağlı bəyanat yaydı, prokurorluğa müraciət etdi

Tanınmış hüquqşunas Aslan İsmayılovun özünün feysbuk səhifəsində “Keşlə” və AFFA-ya yönəlmiş ittihamlara klubdan reaksiya verilib. 

Allsport.az xəbər verir ki, federasiyanın ardından, “Keşlə” də açıqlama yayıb.
Klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada İsmayılovun iddiasının həqiqəti əks etdirmədiyi bildirilib. Paytaxt təmsilçisi cavabını faktlarla çatdırıb:

“Keşlə” və AFFA haqqında şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun klubun guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, “İnter PİK” MMC ilə “Keşlə futbol klubu” MMC arasında 2017-ci il 23 oktyabrda “İnter arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə futbol klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, “İnter arena”da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

2019-cu il martın 1-də isə “Keşlə futbol klubu ictimai birliyi” rəhbərliyi, “Keşlə futbol klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib:

01.03.2019 – 3,000.00 (üç min) manat

24.07.2019 – 5,000.00 (beş min) manat

21.10.2019 – 3,000.00 (üç min) manat

26.11.2019 – 3,000.00 (üç min) manat

15.04.2020 – 2,000.00 (iki min) manat

10.09.2020 – 1,000.00 (bir min) manat

05.08.2021 – 2,000.00 (iki min) manat

02.09.2021 – 3,000.00 (üç min) manat

20.09.2021 – 3,000.00 (üç min) manat

20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat)

Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5 800 manat olmayıb, razılığa uyğun olaraq, 27 890 manat vəsait “Keşlə” klubu tərəfindən hissə-hissə ödənilib” – açıqlamada vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov “İnter PİK” MMC ilə “Keşlə futbol klubu ictimai birliyi” arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verib, bununla da klubun işgüzar nüfuzuna xələl gətirib: “Aslan İsmayılovun “Keşlə” klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan respublikasının baş prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik”.

Həmin kateqoriyadan