Mahir hədəflərindən danışdı

Mahir Əmrəli Polşanın “Legiya” klubuna transferi və hədəfləri barədə danışıb. Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Super Ekspress” nəşrinə açıqlamasında bunları söyləyib:

“Varşavaya gəldiyim ilk gündən elə təəssürat yaranıb ki, hər şey yolunda gedəcək. Sanki, illərdir buradayam. Bəlkə də “Legiya”da uğurlu starta məhz bu amil səbəb olub. Baş məşqçi Çeslav Mixneviçlə də ünsiyyət qurmaqda çətinlik çəkmirəm. Öz aramızda rus dilində danışırıq. Bu da işimi asanlaşdırır. Düşünürəm ki, yaxşı çıxış etməyimdə bunun da rolu var. Amma yoxlama matçları rəsmi görüşlərdən fərqlənir. Ona görə də əvvəlki oyunları unutmalıyıq”.

Əmrəli Norveçin “Bude-Qlimt” klubuna qarşı keçirəcəkləri UEFA çempionlar liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa da toxunub:

“Əslində əsas hazırlığımız avrokubokla bağlı idi. Yoxlama matçlarında sərgilədiyimiz oyunu qarşıdakı görüşdə göstərməliyik. “Bude-Qlimt” sürətli və dinamik komandadır. Topa nəzarət etməyi və əks-hücumlara çıxmağı xoşlayırlar. Norveç çempionu olubsa, deməli, yaxşı kollektivdir”.

Forvardın sözlərinə görə, “Legiya” uğur qazanmaq istəyirsə, heç bir rəqibdən çəkinməməlidir: “Düzdür, rəqib güclüdür. Ötən mövsüm böyük üstünlüklə çempion olublar, çoxlu qol vurublar. Amma “Legiya” da güclüdür. Avropa çempionatı da göstərdi ki, istənilən komanda ilə mübarizə aparmaq olar. İsveçrənin nələr etdiyini, Fransa və Almaniya kimi favoritlərin erkən vidalaşdığı turnirdə Danimarkanın necə qələbələr qazandığını görmək kifayətdir”.

“Bude-Qlimt” – “Legiya” matçı iyulun 7-də keçiriləcək.

Həmin kateqoriyadan