“Qarabağ”ın prezidenti: “Daha güclü heyətin qurulması üçün tapşırıqlar vermişəm”

“Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında “Aşdod”la (İsrail) səfər matçında qazanılan qələbəyə görə azarkeşləri təbrik edib. Allsport.az xəbər verir ki, o hazırkı durumla bağlı bunu deyib:

“Aşdod”la oyunda qazandığımız qələbə və “Qarabağ”ımızın mərhələ adlaması münasibəti ilə baş məşqçimiz Qurban Qurbanovu, komandamızın bütün futbolçularını, xüsusən “Qarabağ” azarkeşlərini təbrik edirəm. “Aşdod”la oyundakı uğur avrokuboklarda yenə iddialı olduğumuzu göstərdi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində biz indi azad Qarabağı, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı təmsil edirik. Bu, bizi daha məsuliyyətli edir. Odur ki, daha güclü heyətin qurulması üçün klubumuzun idarəçilərinə tapşırıqlar vermişəm. Əminəm ki, zamanla daha əzmkar, daha mübariz, daha böyük hədəflər üçün oynayan “Qarabağ” görəcəyik.

Klub olaraq da böyümüşük, təcrübə toplamışıq. Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar. “Aşdod”la oyunda bunun şahidi olduq. Qürurla deyə bilərik ki, klubumuz həm də yaxşı idarəçilər yetişdirir. UEFA Konfrans Liqası yeni turnirdir. Burada mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Ümid edirəm, bu uğurun davamını AEL-lə matçlarda da gətirəcəyik. Mənim komandama güvənim sonsuzdur. Yeni turnirdə – Konfrans Liqasında mümkün olduğu qədər irəliləməyə, Azərbaycanı, Qarabağı böyük qürur hissi ilə təmsil etməyə çalışacağıq”.

Həmin kateqoriyadan