Qurban Qurbanovdan sərt sözlər: “Son vaxtlarda bizim futbolçulara qarşı aqresiv oynayırlar”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu (0:0) şərh edib. Allsport.az xəbər verir ki, o, bunu söyləyib:

“İlk oyun idi. İstəyirdik qalib gələk. Bəzi şeylər istədiyimiz kimi alınmadı. Son vaxtlar komandada çox yorğunluq var. Zədəli futbolçularımız var. İstədiyimiz kimi hücumçularımızı qura bilmirik. Hücum xəttində problemlərimiz var. Cavab oyununda hər iki komandaya uğurlar arzu edirəm.

Bəlkə, mənim futbolçumdur deyə hirsləndim. Abdullah Zubir oyuna girəndən ayağına vururdular. Sanki ona qarşı həddindən artıq aqresiv idilər. Nə mən, nə də futbolçularım heç vaxt rəqibə hörmətsizlik etməmişik. Hər zaman futbolçularıma tapşırıram ki, rəqib futbolçulara qarşı ehtiyatlı olsun. Son vaxtlarda bizim futbolçulara qarşı aqresiv oynayırlar.

Bilmirəm hansı istəklə, hansı niyyətlə belə oynayırlar. Çox oyunlar olub ki, çalışmışam daha səbrli olum. Mən öz futbolçumu qoruyub saxlamalıyam. Bəzi epizodlarda belə aqresiv oynamağı qəbul etmirəm. Bu gün də etmədim. Dəfələrlə olur ki, sırf Zubirə qarşı sərt oynayırlar. Hakimlərə də demişik ki, ilk belə ciddi təmasda xəbərdarlıq etsinlər.

Bu gün Zubirə 5 dəfə müdaxilə edildi, ancaq hakim fitini çalmadı. Hamımız bir-birimizi tanıyırıq. Boş-boşuna mən Zubiri çıxarmaram, boş-boşuna Filip Ozobiç zədələnməz, Şahruddin sıradan çıxmaz. Hamımız bir-birimizi tanıyırıq, görüşəndə qucaqlaşırıq.

Mən öz futbolçularıma dəfələrlə tapşırıram ki, ehtiyatlı olsunlar. Mahiri bir neçə dəfə bilərəkdən zədələyiblər, Filip də eynilə. Hər zaman rəqiblərimizə qarşı hörmətlə yanaşacağıq, sadəcə bu dərəcə aqresiv olmamalıdırlar”.

Həmin kateqoriyadan