Qurban Qurbanovla Serbiyadan niyə əlaqə saxlayıblar?

Zurnal.rs saytı DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Serbiya – Azərbaycan oyunu ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini öyrənməyə çalışıblar. Allsport.az xəbər verir ki, nəşrin müraciətini Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cavablandırıb:

“Təəssüf ki, cənab Qurban Qurbanov sizin suallarınızı cavablandırmayacaq. Baş məşqçimiz müsahibə almaq istəyinizə sevinir, diqqətinizə görə minnətdardır, eyni zamanda milli komandamızın heyətində Podqoritsa və Bakıda vurduğu qolları unutmadığınız üçün təşəkkür edir. Qurban Qurbanov yerli mediadan bu oyunla bağlı dəfələrlə edilmiş müraciətləri qəbul etməyib. Yerli mediaya danışmayıbsa, sizin suallarınızı cavablandırması etik olmaz və bu, bizim jurnalistlərə hörmətsizlik olar. Anlayışınız üçün təşəkkür edirik”.

2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsində Azərbaycan millisi Serbiya və Monteneqro ilə oyunlarda uduzmayıb (2:2; 2:1). Komandamızın vurduğu 4 qoldan 3-nün müəllifi məhz Qurban Qurbanov olub. Nəşr məqalənin başlığını “Azərbaycan Qəhrəmanı” kimi dərc edib.

Həmin kateqoriyadan