Rəşad Sadıqov: Səfərdə “Neftçi”yə qarşı bu cür oynamaq bacarıq və ürək tələb edir

“Komandamı təbrik etmək istəyirəm. Gözəl oynadılar. Möhtəşəm xarakter göstərdilər. Rəqibimiz keçən ilin çempionu idi. Səfərdə onlara qarşı bu cür oynamaq bacarıq və ürək tələb edir”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 21-ci turunda “Neftçi” ilə oyundan sonra mətbuat konfransında deyib. O, 1:1 başa çatan matçı belə şərh edib:

“60-cı dəqiqəyə qədər oyun bizim üstünlüyümüz şəraitində keçirdi. Bezerranın qol epizodundan başqa rəqibə üstünlük vermirdik. Yaxşı, sürətli hücumlar oldu. Azlıqda qaldıq və taktiki dəyişiklik etdik. Futbolçularım intizamlı, ağıllı futbol oynadılar.

Belə məqamda yaxşı qol vurduq. Qələbəyə yaxın idik. Sadəcə, sonda penalti vuruldu və iki xal itirdik. Oyunun gedişatı elə oldu ki, sonda buraxılan qol məyus edir adamı. Qarşıda vacib oyunlar var. Komandamın oyundan həzz aldım”.

Həmin kateqoriyadan