Rövnəq Abdullayev: “Anlaşmanın gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq”

Bu gün türkdilli ölkələrin futbol assosiasiyaları arasında anlaşma olub. Allsport.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar imzalanma tədbiri videokonfrans formatında təşkil olunub.

AFFA prezidenti Rövnəq Abdullayev, Türkiyə futbol federasiyasının prezidenti Nihad Özdəmir, Macarıstan futbol federasiyasının prezidenti Sandor Csanyi, Qazaxıstan futbol federasiyasının prezidenti Adilbəy Saxsıbəyov, Qırğız futbol ittifaqının prezidenti Qanadbəy Mamatov, Türkmənistan futbol federasiyasının prezidenti Arslan Aynazarov, Özbəkistan futbol assosiasiyasının prezidenti Abdulsalam Əzizov və Türk şurasının baş katibi Bağdad Əmireyev tərəfindən imzalanmış memorandum federasiyalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, futbolun inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi prosesində təcrübə mübadiləsi və digər məsələləri özündə ehtiva edir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev memorandumun imzalanma tədbirində çıxış edib: “Hörmətli həmkarlar, əziz qardaşlar, dostlar! Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq. Bu memorandumun imzalanması Azərbaycan futbol federasiyaları assosiasiyası üçün vacib hadisədir və əminik ki, bütün həmkarlarımız bundan məmnundur.

Bildiyiniz kimi, memorandum qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamları özündə əks etdirir və qarşıdakı illərdə futbolun inkişafı ilə bağlı bütün istiqamətlərdə təcrübəmizin paylaşılması baxımından əlavə üstünlük yaradan bir platformadır. Əlbəttə, çox istəyərdik ki, bu cür vacib və tarixi əhəmiyyətli sənədin imza mərasimi canlı görüş formatında təşkil olunsun.

Təəssüf ki, son dövrlərin məlum səbəbləri ucbatından bu gün onlayn formatda görüşməli oluruq. Ümid edək ki, gələcəkdə bu memorandumdan irəli gələn bütün məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması zamanı onlayn görüş zərurəti olmayacaq. Bir daha hər birinizə təşəkkür edir, anlaşma memorandumunun imzalayan bütün futbol assosiasiyaları üçün xeyirli-uğurlu olmasını arzulayıram!”

Həmin kateqoriyadan