Tərlan Əhmədov: Hakim səhvlərini müzakirə etməkdən yorulmuşam

“Kəpəz” premyer liqanın 13-cü turunda səfərdə “Qarabağ”a 1:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Tərlan Əhmədov yenilgiyə belə şərh verib: “Müdafiədə daha kompakt oynamağa, əks-hücumda rəqibi tutmağa çalışırdıq. Belə həmlələr təşkil edə bilmədikdə mövqelərdən oynayıb hücum qurmağa səy göstərirdik. Birinci hissədə həyəcan daha çox idi. Fasilədən sonra yaxşı başladıq, qol da vurduq.

Oyunun sınma nöqtəsi buraxdığımız ikinci qol oldu. Epizoda baxacağıq. Autsayder komandalara qarşı bir az… Heç bilmirəm fikrimi necə ifadə edim. Dirsək epizodunda hakimlər deyir ki, təsadüf idi. Bəlkə biz də Zamiqin kəllə vurduğu vəziyyəti təsadüf kimi qeyd edək. Artıq yorulmuşam bu söhbətlərə qayıtmağa. Hər halda komandam bu gün yaxşı mübarizə apardı. Sona qədər döyüşüb qol da vura bildi. Səhvlər olmalıdır. İki ayın komandasıdır. Çalışıram komandanın səviyyəsini daha da yuxarı qaldıram.

Oyunçu çatışmazlığı var. Amma yenə deyirəm bu gün normal mübarizə apardıq. Bir xalla səfərdən dönməyi planlaşdırırdıq. Hakim səhvlərindən də axsamalarımız var. Qırmızı və sarı vərəqələrimiz çoxdu. Oyuna, epizodlara təkrar baxacağıq. Düzdür, nəyisə dəyişmək mümkün olmayacaq. Bizə qarşı nəsə olursa, cəza verilmir. Amma biz nəsə edəndə cəzamız çox sərt olur. Futbolçulara təşəkkür edirəm. Qarşıda bizi ağır oyun gözləyir. Fikrimizi ora cəmləməliyik”.

Həmin kateqoriyadan