AMADA və AAAF-dan növbəti seminar

Ağır atletika akademiyasında milli antidopinq agentliyinin təşkilatçılığı ilə seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıya qadın, yeniyetmə, gənc və kişilərdən ibarət yığma komandaların üzvləri, məşqçilər, texniki heyət üzvləri və digər şəxslər iştirak ediblər. Seminarı AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva aparıb.

Əvvəlcə seminar iştirakçılarına doldurulması üçün anonim sorğu kağızları paylanılıb və verilən 22 suala cavab yazılması istənilib. Suallar dopinqdən istifadə, onun qadağan olunması, bu maddələrlə təmas, təmas zamanı atılmalı olan addımlar barədə olub.

Sonra əsas hissəyə keçilib. İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib.

AAAF-ın son zamanlar dopinqlə mübarizəyə sərf etdiyi əmək, görülən işlər, əldə olunan nəticələr təqdir edilib. Qeyd olunub ki, qadağan olunmuş maddələrdən istifadə edərək nəticə qazanmaq istəyi böyük bir bəladır və onun qarşısını almaq üçün böyük vaxt və çalışma tələb edir. Federasiya bu istiqamətdə xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük önəm verir, idmançıların onları gözlədiyi təhlükəni bilmələri, dərk etmələri üçün əlindən gələni edir.

AAAF bu kimi seminarların vacibliyini anlayır və mütəmadi təşkilini təmin edəcəkdir.

Həmin kateqoriyadan