Bakı-2015-in açılışında könüllü ifaçıların seçimi başlayıb

İlk Avropa Oyunlarının açılış mərasimi möhtəşəm idman şousu olacaq. Allsport.az saytı xəbər verir ki, gələn il iyunun 12-də 69 minə yaxın tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində, tədbirin ifaçısı olmaq üçün könüllülərin seçimi başlayıb. Bu barədə könüllü ifaçıların seçim prosesi ilə bağlı dekabrın 6-da keçirilən mətbuat konfransında Bakı-2015-in Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari məlumat verib.

Qeyd edilib ki, Avropanın və dünyanın milyonlarla televiziya tamaşaçısının böyük maraqla izləyəcəyi açılış mərasimində Azərbaycanı təmsil etmək üçün təxminən 6 min könüllü ifaçıya şans veriləcək. Azərbaycanın idman tarixində bir ilk olacaq bu mötəbər yarışın açılış şousu könüllü iştirakçılar üçün həyəcanverici imkandır.

“5Currens” prodüser şirkətinin rəhbəri Skot Givens ifaçıların seçimlərinin Atletlər kəndində aparıldığını bildirib. Bir neçə Olimpiya Oyunlarının açılış mərasimlərinin təşkilində böyük təcrübəyə malik olduqlarını vurğulayan S.Givens “Bakı-2015” komandasında yer almaqdan məmnunluğunu diqqətə çatdırıb. Dünya səviyyəsində möhtəşəm tamaşa olacaq açılış mərasiminin əsas mövzusu Azərbaycan xalqı və onun zəngin mədəniyyəti, incəsənətidir.

İdmançılar kəndində könüllülərin xoreoqrafik hazırlığına məsul olan, ilk Avropa Oyunlarının açılış mərasiminin bədii direktoru Dmitris Papaioannou Azərbaycan mədəniyyətinin zənginliyindən heyranlığını ifadə edərək deyib: “Bu zəngin mədəniyyəti və Azərbaycanın ənənələrini bütün dünyaya tanıtmaq istəyirik. Açılış mərasimində ev sahibi ölkənin Avropanın həyatında oynadığı rol əks etdiriləcək. Biz azərbaycanlı könüllüləri bu möhtəşəm şounun ifaçıları olmağa çağırırıq. Seçim proseduru çox sadədir”.

Bakı-2015 Əməliyyat Komitəsinin mərasimlər üzrə direktoru xanım Katerin Uqvi bildirib ki, açılış mərasimi Azərbaycanda indiyədək keçirilən ən böyük şou olacaq, unudulmaz xatirəyə çevriləcək. Azərbaycanın ən tanınmış sənətçiləri ilə birgə çalışırıq. Müxtəlif mədəniyyətlərin tanıdılmasında komandamızın kifayət qədər təcrübəsi var. Azərbaycan mədəniyyətini dolğun şəkildə dünyaya təqdim edəcəyik. Mərasimdə Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər nümayiş olunacaq. Biz gözəl xəyal yaradıb bunu milyonlarla insanla paylaşmaq istəyirik. Mərasimlərin ən maraqlı cəhəti onun ssenarisinin tədbirədək gizli saxlanılmasıdır. Mərasimlər komandası bu möhtəşəm şouda iştirak etmək arzusunda olan enerjili gəncləri əməkdaşlıq üçün dəvət edir.

Həmin kateqoriyadan