Avropa oyunları ilə əlaqədar Bakıda mehmanxana işçiləri üçün təlimlər keçiriləcək

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Allsport.az xəbər verir ki, kursların uğurlu nəticələr verdiyini, həmçinin ölkəmizdə birinci Avropa Oyunlarının keçiriləcəyini və xidmət səviyyəsinin günün tələbi səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq aprelin 6-dan 13-dək Bakı şəhərində xidmət sahəsi üzrə təlim-tədris kurslarının təşkili nəzərdə tutulub.

Kurslarda əsasən 5 sahə – idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edəcək. Təlimlər Bakı Turizm Peşə Məktəbində keçiriləcək və aprelin 13-də kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq. Bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına töhfəsini verəcək.

Həmin kateqoriyadan