“Avropa Oyunları qərblilərə Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl vasitədir”

Milyonlarla insan Azərbaycana gəlib “Bakı-2015” Avropa Oyunlarına tamaşa etmək istəyir. Onlardan bir də ingiltərəli Çarli Souzvelldir. O, Azərbaycana həyat yoldaşı Hazel Souzvellə səfər etmək arzusundadır.

Allsport.az xəbər verir ki, Ç.Souzvell 27 yaşındadır və İngiltərənin paytaxtı London şəhərində marketinq sahəsində çalışır. Ç.Souzvel “Azərbaycanın xaricdəki əcnəbi dostları” layihəsi çərçivəsində Diaspor Jurnalistləri Birliyinə müsahibəsində ölkəmizdə heç vaxt olmadığını vurğulayıb:

“Böyük həvəslə Azərbaycana səfər edib sizin gözəl ölkənizi görmək istərdim. Keçən il mən Gürcüstanda oldum. Bundan sonra Qafqaz regionunu çox sevdim. Buna görə də, Azərbaycan gəlməyi çox istəyirəm. Sizin ölkənin məftunedici dağları var. Nəhəng və özünəməxsus xüsusiyyəti olan şəhərləriniz var. Bakıda “Alov qüllələri”ni görmək istərdim. Eşitdiyimə görə, Bakıda incəsənət əsrlərinin nümayiş olunduğu çoxlu küçələr var. Məmnuniyyətlə bu küçələri dolaşacağam. Azərbaycanla bağlı şəkillərə çox baxmışam. Həmçinin Azərbaycanın ləziz yeməkləri haqqında da eşitmişəm. Çalışacağam ki, Azərbaycanda mütləq qutabın dadına baxım”.

O, Britaniya əhalisinin “Bakı-2015” haqqında məlumatlı olduğunu bildirib: “Fikrimcə, Böyük Britaniyada bəzi insanlar “Bakı-2015” haqqında eşidiblər. Amma bizim media və jurnalistlər bu Oyunlar barədə iyun ayından başlayaraq daha çox məlumatlar verəcəklər”.

Ç.Souzvell “Bakı-2015” ilk Avropa Oyunlarını izləməyə gələcəyini də deyib: “Bakı-2015”in rəsmi saytına girib, yarışlara baxmağa gəlmək üçün sorğumu göndərmişəm. Qeyd edim ki, dostlarımdan bir neçəsi də ölkənizə səfər edərək, “Bakı-2015”i izləmək istəyir”.

O, ilk Avropa Oyunları ilə bağlı gözləntiləri haqqında da danışıb: “Ümid edirəm ki, bizim ölkənin idmançıları velosiped və üzgüçülük yarışlarında bir neçə medal qazanacaqlar. Onu da deyim ki, velosiped və üzgüçülük yarışları mənim üçün ən sevimli idman növləridir”.

Onun fikrincə, “Baku-2015” Avropa idmanına müsbət təsir edəcək: “Məncə, ilk Avropa Oyunları beynəlxalq səviyyədə daha çox rəqabət baxımından seçiləcək. Bu isə Olimpiya Oyunlarına gedən yolda böyük imkanlar yaradır. Gənc idmançılar da bu sahədə təcrübəyə yiyələnmək üçün böyük şans əldə edəcəklər. Həmçinin, ilk Avropa Oyunları qərblilərə Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl vasitədir”.

Həmin kateqoriyadan