“Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb

Aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə iyunun 12-dən 28-dək ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyətindən danışılıb.

Vətəndaş cəmiyyətinin “Bakı-2015”in təbliğində və təşviqində yaxından iştirak etməsinin vacibliyinin vurğulandığı tədbirdə ilk Avropa Oyunlarının Azərbaycanın, eləcə də Avropanın idman tarixində əlamətdar hadisəyə çevriləcəyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. İdmançılarımızın beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etmələri bunun bariz nümunəsidir.

QHT təmsilçiləri və media nümayəndələri arasında aparılan müzakirələrdən sonra “Bakı-2015”: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb və bəyanat qəbul olunub.

Bəyanatda deyilir ki, koalisiyanın əsas məqsədi birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə tarixdə ilk dəfə keçiriləcək belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulub. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.

Koalisiya öz fəaliyyətini dövlət qurumları, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyətin nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcək.

Həmin kateqoriyadan