Avropa Oyunlarına hazırlıq işləri Mingəçevirdə yüksək sürətlə davam etdirilir

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin kanoe sprinti yarışları üzrə meneceri Jan Jerom Perrin Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yarışlara hazırlıqla əlaqədar görülən işlərlə tanış olub. Allsport.az xəbər verir ki, Jan Jerom Perrinə idman obyektlərində aparılan yenidənqurma işlərinin hazırki vəziyyəti barədə məlumat verilib.

O, jurnalistlərə müsahibəsində deyib: “Mingəçevirdə yarışların keçiriləcəyi obyektlərdə görülən işlər, əldə olunan irəliləyişlər məni heyran edir. Bu obyektlər idmançılar üçün hər cür şəraitlə təmin olunacaq, onlara Oyunlarda yüksək səviyyədə çıxış etmək imkanı yaradacaq. Birinci Avropa Oyunlarına hazırlıq üçün Azərbaycana qısa vaxt ayrılmasına baxmayaraq, əminik ki, gərgin işlər nəticəsində obyektin qrafik üzrə və yüksək standartlara cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəyik”.

İdman obyektlərinin Avropa Oyunlarının tələblərinə uyğun olması və yüksək standartlara cavab verməsi üçün işlər sürətlə davam etdirilir. İyunun 14-16-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək yarışlarda 37 ölkədən 350-dən çox kişi və qadın atletin iştirakı gözlənilir.

Jan Jerom Perrin görülən işlər barədə məlumat verərək deyib: “Oyunlara hazırlıq işləri Mingəçevirdə yüksək sürətlə davam etdirilir. Biz hazırda şəhərdə könüllülər və texniki işçilər üçün treninqlər təşkil edirik. Oyunlar vaxtı yarışların təşkili ilə bağlı 100 könüllü xidmət göstərəcək. Amma idman yarışlarından əlavə, başqa işləri də görəcək daha 300 könüllümüz olacaq”.

İdmançıların Mingəçevirə iyunun 10-11-də gələcəyini bildirən menecer deyib. “Kürün sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaqlar quraşdırılıb. İdman qurğusunda atletlər üçün istirahət zonası, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür. Kür çayı sahilində tikinti-abadlıq, yaşıllaşdırma işləri davam etdirilir.

Hazırda sınaq yarışına hazırlaşırıq. Azərbaycan Milli Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə aprelin 3-5-də Mingəçevirdə keçiriləcək sınaq yarışlarında Azərbaycan, Türkiyə və Gürcüstandan 100-ə yaxın idmançı mübarizə aparacaq”.

Həmin kateqoriyadan