“Avropa Oyunlarının uğurlu olacağına şübhə yoxdur”

“Moskovskiy Komsomolets” qəzetində Aleksandr Həsənovun “Mehriban Bakı Birinci Avropa Oyunları üçün ən yaxşı məkandır” sərlövhəli məqaləsi dərc edilib. Allsport.az xəbər verir ki, müəllif Birinci Avropa Oyunlarının təsis edilməsinin və həmin Oyunların keçiriləcəyi yer kimi Bakının seçilməsinin tarixi, habelə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva başda olmaqla Oyunların keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılması barədə söhbət açır.

A.Həsənov yazır: “Mən keçən il sentyabrın axırlarında Bakıda oldum. Sürətlə inkişaf edən və qeyri-adi dərəcədə gözəlləşmiş şəhərin fonunda idman obyektlərinin cizgiləri artıq o vaxt diqqəti cəlb edirdi. İndi bu əlamətdar idman tədbirinin başlanmasına üç ay qalır və mən təəccüblə qeyd etməliyəm ki, idman aləmində belə möhtəşəm hadisə haqqında Rusiya mətbuatında praktiki olaraq anons verilmir, ya da verilən anonslar son dərəcə solğundur. Əlbəttə, mən əminəm ki, komandalar formalaşdırılıb, sifarişlər verilib, amma bununla bərabər, bizim – gələcək tamaşaçıların və azarkeşlərin Oyunların proqramına daxil edilmiş idman növləri, idman obyektləri və hətta yarışların keçirilməsi müddətləri barədə də məlumatımız çox cüzidir”.

Məqalədə yarışların proqramına daxil edilmiş idman növləri barədə ətraflı söhbət açılır. Qeyd edilir ki, idmanın 5 növü üzrə yarışlar 25.000 tamaşaçı tutan “Kristal Holl” sarayında keçiriləcək. Məqalədə deyilir: “Məxsusi olaraq Bakıda keçiriləcək Oyunlar üçün Olimpiya stadionu, 6 min tamaşaçı tutan ultramüasir Su idman növləri sarayı və Milli Gimnastika Arenası inşa edilib. İdmançılar “Atletlər kəndi”ni xüsusi qeyd edirlər: onların fikrincə, burada London və Soçi ilə müqayisədə daha yaxşı şərait yaradılıb. Avropa Oyunlarına hazırlıq üzrə İşçi qrupa 1200 nəfər daxil edilib. Oyunlar dünyanın 100 ölkəsinə translyasiya ediləcək”.

A.Həsənov vurğulayır ki, Avropa Oyunları dövründə Bakı bir milyona yaxın turisti qonaq kimi gözləyir. Məqalədə deyilir: “Azərbaycanlıların qonaqpərvərliyini bildiyim üçün əminəm: ev sahibləri əllərindən gələni edəcəklər ki, qonaqların Bakıda olduğu müddət onlar üçün unudulmaz dövr olsun. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sözlərini sitat gətirmək istəyirəm: “Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır”. Düşünürəm ki, Bakının qonaqları üçün Oyunların mədəni proqramı da idman proqramı kimi maraqlı və dolğun olacaq. Buraya Azərbaycanın dadlı-ləzzətli mətbəxini, gözəl dənizkənarı bulvarı, möhtəşəm otelləri, şəhərin tarixi abidələrini və dənizi də əlavə etsək, Avropa Oyunlarının uğurlu olacağına şübhə yoxdur.

Mən “fala baxmağı” xoşlamıram, lakin əgər hər şey qaydasında olsa, çox istərdim ki, məhz idman yarışları dövründə Bakıya gəlim. Təsəvvür edirəm ki, vaxtımın çox hissəsini bayraq meydanında keçirəcəyəm: çimərlik futbolu və voleybol, üzgüçülük, suya tullanma və basketbol üzrə yarışlar orada keçiriləcək. Dəniz sahilində, sadə idman geyimində bizim idmançılara azarkeşlik etmək, yarışlar arasında fasilələrdə Azərbaycan milli mətbəxinin təamlarını dadmaq, axşamlar isə dünyanın ən gözəl şəhərində gəzişmək – idmanı xoşlayan və həyatsevər kişinin üçün öz vaxtını səmərəli keçirməsi üçün bundan yaxşı nə ola bilər? Xüsusən ona görə ki, Avropa Oyunları Xəzər sahilləri üçün ən “mehriban” mövsümdə keçiriləcək: iyunun 12-də başlanan Oyunlar iyunun 28-də Olimpiya stadionunda təntənəli bağlanış mərasimi ilə başa çatacaq”.

Həmin kateqoriyadan