“AvtoBiznesTur” jurnalında Bakı və ilk Avropa Oyunları haqqında geniş məqalə

Ukraynanın populyar “AvtoBiznesTur” reklam-informasiya jurnalının iki səhifəsində “Bakı-tarixin və 2015-ci il Avropa Oyunlarının paytaxtı” sərlövhəli material dərc olunub. Allsport.az xəbər verir ki, məqalənin əvvəlində Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğu deyilir: “Azərbaycan paytaxtının özünəməxsus bənzərsiz tarixi var. Onun tarixi lap qədim dövrlərə gedib çıxır”.

Materialda paytaxtın görməli yerlərindən, o cümlədən qədim və müasir arxitekturasından, teatrlarından, muzeylərindən və s. bəhs olunur.

Yazıda, həmçinin qeyd edilir ki, qollu-budaqlı zeytun meşələri, badam bağları, zəfəran yetişdirilən dendrari Bakının və ətraf qəsəbələrin əsl qürur mənbəyidir. Bakının yaxınlığında isə palçıq vulkanlarını görmək olar. Paytaxtın 30 kilometrliyində atəşpərəstlər məbədi “Atəşgah” yerləşir. Bu məbəd XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı yerdə inşa edilib.

Məqalə sayəsində ukraynalı oxucu İçərişəhərin dar küçələrinə, Qız qalasına, Şirvanşahlar sarayına, daha bir əhəmiyyətli memarlıq abidəsi olan “Sınıq-qala” məscidinə virtual səyahət edə bilər.

Daha sonra materialda vurğulanır ki, Bakının müasir görməli yerləri də gözəllik xiridarlarının diqqətindən kənarda qalmayıb. “Alov Qüllələri”i Bakının yeni rəmzlərindən biridir. ABŞ-ın “NOK” arxitektura bürosunun futuristik “tonqalı” şəhərin ən uca yerində “alovlanır”. Göydələnlərin minlərlə işıq-diod lampaların quraşdırıldığı güzgülü divarları gecələr nəhəng ekrana çevrilir və bu ekranda gah alov dilimləri, gah da əlində Azərbaycan bayrağı aparan adam canlanır.

Materialda oxucuların diqqəti dünya şöhrətli arxitektor Zaha Hadidin şedevri olan Heydər Əliyev Mərkəzi üzərində cəmləşdirilir.

Nəhayət, məqalədə tarixi hadisəyə – Bakıda keçiriləcək birinci Avropa Oyunlarına böyük yer ayrılır.

“AvtoBiznesTur” yazır ki, “Alov qüllələri”nin divarlarında və Bakının müxtəlif yerlərində quraşdırılmış böyük monitorlarda əks etdirilən rəqəmsal panoramada Avropa oyunlarına qalan günlərin sayı göstərilir.

Məqalədə söylənilir ki, Oyunların açılış mərasimi iyunun 12-də, bağlanışı isə ayın 28-də olacaq. Materialın sonunda deyilir: “Bakının tarixi irsindən və müasir həyatından nə qədər yazılır-yazılsın, onsuz da bu material böyük şəhərin bütün rənglər palitrasından danışmağa yetərli olmayacaq. Bakını görmək və hiss etmək lazımdır”.

Məqalə Azərbaycanın Ukraynadakı səfirliyinin informasiya dəstəyi ilə hazırlanıb. “AvtoBiznesTur” jurnalının radaksiya kollegiyası “Dünyanı özün çək” xeyriyyə layihəsində nəşri dəstəklədiyinə görə də diplomatik nümayəndəliyimizə təşəkkür edib.

Həmin kateqoriyadan