“Azərbaycanda ilk Avropa Oyunları üçün aparılan hazırlıq işləri təqdirəlayiqdir”

“San-Marino Notizie” xəbər saytında Bakıda keçiriləcək birinci Avropa Oyunlarından əvvəl təşkil olunmuş üçüncü – sonuncu “açıq qapı” günü iclası ilə bağlı yazı yerləşdirilib. Yazıda bildirilir ki, Avropanın 22 Milli Olimpiya Komitəsinin nümayəndələri yayda keçiriləcək birinci Avropa Oyunlarından əvvəl təşkil olunmuş iclasda iştirak etmək üçün Bakıda bir araya gəliblər. Üçgünlük tədbir çərçivəsində qitə ölkələrini təmsil edən 59 nümayəndə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təqdimatlarla, seminarlarla və yarışa hazırlıqlara dair ən son yeniliklərlə tanış olub.

Allsport.az xəbər verir ki, yazıda tədbirdə iştirak edən San-Marino nümayəndə heyətinin rəhbəri Federiko Valentinenin fikirlərinə də yer verilib: “Azərbaycanda ilk Avropa Oyunları üçün aparılan hazırlıq işləri məni heyran etdi. Hesab edirəm ki, yarışın yüksək səviyyədə təşkili üçün bütün infrastruktur tamamlanmaq üzrədir. Təşkilatçılar nəzərdə tutulan vaxtda hazırlıq işlərini tamamlamağa çalışırlar. Yarışda iştirak edəcək hər bir şəxs, o cümlədən idmançılar və məşqçilər üçün yaradılmış şərait təqdirəlayiqidir. Əminəm ki, yarış yüksək səviyyədə təşkil olunacaq. Bakıdan çox yaxşı təəssüratlarla qayıtdıq”.

Yazıda “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb: “Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının ötən həftə təşkil edilmiş səfərindən sonra qitənin Milli Olimpiya komitələrinin nümayəndələrini sonuncu “Bakı-2015” Milli Olimpiya komitələrinin “açıq qapı” günü iclasında salamlamaq bizim üçün xoşdur. Ötən ilin sentyabrında keçirilmiş ikinci belə iclasdan bu günədək əldə etdiyimiz mühüm irəliləyişləri, xüsusilə də bu yay dünya səviyyəli yarışlara ev sahibliyi edəcək möhtəşəm obyektlərimizi göstərə bildiyimizə görə qürur hissi duyuram”.

Həmin kateqoriyadan