Nazir Bakı-2015-də medal gözlədiyimiz əsas idman növlərini açıqladı

Moskvada ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək. Allsport.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada Bakı-2015-ə həsr edilmiş mətbuat konfransında bildirib. Onun sözünə görə, təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq.

Nazir deyib ki, Avropa Oyunlarının Təşkilat Komitəsi tədbirin könüllüləri qismində tələbələri seçib: “150 min tələbə anketdə olan suallara cavab verib. 20 mindən artıq tələbə Oyunlarda iştirak etmək istəyini bildirib. Onlar iki qrupa bölünəcəklər. Birinci qrup əlaqələndirmə, ikinci qrupa isə Oyunların açılış və bağlanış mərasimlərində iştirak edənlər daxil ediləcək. Hər qrupun hazırlıq keçəcəyi mərkəzləri var”.

Rəhimov qeyd edib ki, birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlərin qeydiyyatı artıq açıqdır: “Bunun üçün Media kəndi hazırlanıb. Qidalanma məsələsi də həll edilib”.

Onun sözünə görə, Azərbaycan Oyunların yekunu üzrə müəyyən statistika aparır: “Əvvəlcədən demək istəməzdim, amma bizim mükafat gözlədiyimiz əsas idman növləri cüdo, taekvondo, boks, akademik avarçəkmə, gimnastikadır”.

Nazir bildirib ki, Azərbaycan Avropa Olimpiya Komitəsi ilə məsləhətləşmələr aparıb: “Təbii ki, bizi çimərlik futbolu da maraqlandırır. Belə ki, ölkədə bir çox yaxşı çimərlik var. Ümid edirik ki, ölkədə bu idman növünün inkişafına təkan veriləcək”.

Rəhimov deyib ki, Azərbaycan Moskvadan başqa, Roma və Londonda da Avropa Oyunlarının təqdimatını keçirməyi planlaşdırır. Bakıda futbol stadionunun tikintisindən danışan nazir, paytaxtda belə arenaya ehtiyac olduğunu söyləyib: “Sonuncu belə stadion 1953-cü ildə tikilib. Bundan başqa, Avropa Oyunları zamanı istifadə olunacaq bir sıra idman obyektlərinin tikintisi və yenidən qurulması davam etdirilir”.

Həmin kateqoriyadan