Azərbaycanın şimal qapısında Bakı 2015 alovu ilə görüş

Bakı 2015 alovunun bölgələrə səyahəti davam edir. Allsport.az xəbər verir ki, iyunun 2-də Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gətirilərək və burada hündür dağlar qoynunda maraqlı fotosessiya təşkil olunub. Bu gün, iyunun 3-də isə məşəl komandası Azərbaycanın şimalında, Xəzər sahilində yerləşən Xaçmazda təntənə ilə qarşılandı.

İki şəhər və iki şəhər tipli qəsəbənin daxil olduğu, 163 min nəfər əhalinin yaşadığı Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi yaşayır.

60-dan cox tarix və mədəniyyət abidəsinin qorunduğu Xaçmaza Bakı 2015-in alovunun səyahəti şəxsiyyətlər muzeyi ilə başlandı. 2006-cı ildə yaradılmış açıq səma altında muzey 2 hektaradək ərazini əhatə edir. Burada dahi Nizami Gəncəvinin abidəsi ucaldılıb, 54 ədəbiyyat, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub.

4,1 km-lik məşəl estafetini rayonun gənc fəallarından Mübariz Həsənov Bakı prospektində Xətainin heykəlinin qarşısında qurulmuş tağdan keçməklə başladı. Yürüşdə Şəmsəddin İsrafilov, Aqil Osmanov, Nigar Mikayılova, Adil Quliyev, Şəbnəm Ayatova, Yalçın Cabbarlı, Əlif Əlifov, Rəşad Cümşüdov, Zöhrab Mahmudov və Güləli Balayev iştirak etdilər.

Prospekt boyunca davam edən yürüş Koroğlu heykəlinin qarşısından keçməklə, Bayraq meydanında tamamlandı. Son məşəlçi cüdo üzrə Avropa kubokunun sahibi, qran-pri turnirinin qalibi Vasif Talıbov həmkarlarının müşayiəti ilə meydanda qurulmuş səhnə qarşısına gəldi. V.Talıbov alqışlarla səhnəyə qalxaraq Bakı 2015-in çırağını alovlandırdı.

Məşəl estafetinin iştirakçısı Vasif Talıbov təəssüratlarını dilə gətirdi: “Rayonumuzun 12 məşəlçisindən biri olduğuma görə hədsiz sevinc içindəyəm. Bu gün Xaçmazda əsl təntənə, bayram ovqatı var idi. Camaatımızın məşəl heyətini və məşəlçiləri aramsız alqışlaması, açığı, məni xeyli həyəcanlandırdı. Halbuki, cüdoçu kimi, dəfələrlə tatami üzərinə çıxmışam, alqışlar da görmüşəm. Bir cüdoçu kimi fəxr hissi keçirirəm və Orxan Səfərov, Nicat Şıxəlizadə, Elmar Qasımov və başqa aparıcı cudoçularımızdan hər zaman böyük nailiyyətlər gözləyirəm. Onların Avropa Oyunlarında çıxış edəcəyini bilirəm. Əminəm ki, liderlərimiz öz sözlərini deyərək, bu ilk Oyunlarda medal qazanacaqlar və bu da böyük başlanğıc olacaq. Həm də unutmayaq ki, bu Oyunlar Rio olimpiadasına təsnifat xarakteri daşıyacaq. Oyunlarda bütün komandamıza uğurlar arzulayıram”.

Mərasimin sonunda Bakı 2015 alovunun əldə olunmasını əks etdirən videoçarx nümayiş etdirildi. Oyunlar haqqında ətraflı məlumat verildi. 9-cu sinif şagirdi Arzu Əsgərova Bakı 2015-in rayona hədiyyəsi olan çırağı şəhər ictimaiyyətinə təqdim etdi. Təntənəli mərasim səmaya şarların buraxılması ilə başa çatdı.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Bakı 2015-in məşəl estafeti sabah, iyunun 4-də Şabranda qarşılanacaq.

Həmin kateqoriyadan