Bakı-2015 Alovunun Mərkəzi Aranda daha bir görüşü

Azərbaycanın Aran iqtisadi rayonuna daxil olan Kürdəmir bu gün, mayın 27-də Alovunun səyahət etdiyi növbəti rayon oldu. Allsport.az xəbər verir ki, ərazisi 1631,5 km2, əhalisi 111 min nəfər olan Kürdəmir Bakı – Qazax magistralının mərkəzində yerləşir. Əsasən kənd təsərrüfatının inkişaf etdiyi rayonun Sığırlı kəndində ilkin orta əsrlərə aid “Qaratəpə” və Ərəbqubalı kəndində “Şəhərgah” tarixi abidələri ölkə əhəmiyyətli arxeoloji abidə kimi öyrənilir.

2,58 km məsafəni əhatə edən məşəl estafetini Bakı prospektində Əməkdar bədən tərbiyəsi və idman xadimi, yunan-Roma güləşi üzrə dunya çempionatlarının mükafatçısı Əlisahib Əliabbasov başladı. Heydər Əliyev prospekti ilə davam edən yürüşdə Mirəli Şıxəliyev, Elnur Məmmədli, Eltac Qaçayev, Şəfa Nuriyeva, Emil Nəsirov, Ülviyyə Kazımova, Taleh Kərimov və Daşqın Rüstəmov iştirak etdilər.

Prospektdəki meydanda yerləşən fəvvarə önündə estafeti yunan-Roma güləşi üzrə məşqçi-müəllim Samir Şükürov tamamladı. Rayon sakinləri məşəlçiləri səhnə önündə alqışladılar. Sonuncu məşəlçi səhnədə Bakı 2015-in növbəti çırağını alovlandırdı və onu rayon ictimaiyyətinə məktəbli Leyla Cabbarova təqdim etdi.

Bütün məşəlçilər səhnədə alqışlandıqdan sonra, Atəşgah məbədində ilk məşəlin alovlandırılması, ardınca Bakı 2015-in təbliğat videoçarxları nümayiş olundu. Aparıcı Bakı 2015 və məşəl estafeti ilə bağlı məlumat verdi. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatdı.

Məşəl estafetinin iştirakçısı Elnur Məmmədli ürək sözlərini dilə gətirdi: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qürurvericidir. Bu tarixi hadisənin nəinki şahidi, hətta iştirakçısı olduğuma görə sevinirəm. Əgər əvvəllər Avropada təşkil olunan mötəbər yarışları televiziya vasitəsilə izləyirdiksə, indi biz bu hadisələrin canlı şahidi və iştirakçısıyıq. Keçmiş güləşçi olduğum üçün bu yarışlar mənə daha maraqlı olacaq. Onları yaxından izləyəcəyəm. Əminəm ki, ən çox yüksək əyarlı medallar pəhləvanlarımızın nəsibi olacaq”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran məşəlçilərə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti bir günlük fasilədən sonra, mayın 29-da Ağsu rayonunda davam etdriləcək.

Həmin kateqoriyadan