Bakı-2015 Hindistanın NEO Sports şəbəkəsi ilə yayım sazişi bağlayıb

Bakı 2015-in Hindistanda yayımlanması üçün NEO Sports şəbəkəsi ilə sazişə imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, ilk Avropa Oyunları NEO Sports və NEO Prime kanalları vasitəsilə bütün ölkə üzrə yayımlanacaq. Avropa Oyunları ilə bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı video-materiallar maksimum sayda tamaşaçının televiziyanı seyr etdiyi vaxtda nümayiş etdiriləcək. Oyunlar kanallar və şəbəkənin veb-saytı vasitəsilə təbliğ olunacaq. Möhtəşəm Açılış və Bağlanış mərasimləri də canlı olaraq yayımlanacaq.

NEO Sports şəbəkəsi beynəlxalq idman yarışlarını, o cümlədən, Qadın Tennisçilər Assosiasiyası tərəfindən təşkil olunan tennis turnirlərini, Fransa tennis turnirlərini, “Davis Cup” tennis turnirlərini, “Fed Cup” tennis turnirlərini, Almaniya Bundesliqasını, “PGA Tour” qolf turnirlərini və digərlərini yayımlamaq hüququna malikdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Mən NEO Sports kanalını sonuncu yayım tərəfdaşlarımızdan biri kimi salamlamaqdan məmnunam və Hindistandakı idman azarkeşləri üçün birinci Avropa Oyunlarının yayımlamasını səbirsizliklə gözləyirəm.

Hindistan əhalisinin sayına görə dünyada ikinci yerdə durur və əsas idman ölkələrindəndir. Bağladığımız saziş sayəsində Avropa Oyunlarının brendi və Oyunlarla bağlı mesajımız daha uzaqlara gedib çatacaq”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu sazişin bağlanması ilə Avropa Oyunlarının Birləşmiş Ştatlar, Çin və Ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacağını elan etmiş oldu.

NEO Sports kanalının İcraçı vitse-prezidenti cənab Mautik Tolia söyləyib: “İzləyicilərimiz bütün dünyada keçirilən yüksək səviyyəli idman yarışlarına çox həvəslidirlər və mən şübhə etmirəm ki, onlar bu yay Bakı şəhərində keçiriləcək yarışları izləməkdən zövq alacaqlar. Avropa Oyunları beynəlxalq idman təqvimində yeni hadisə olacaq və NEO Sports kanalı Oyunları Hindistanlı azarkeşlər üçün təqdim etməkdən qürur hissi duyur”.

Həmin kateqoriyadan