Bakı-2015-in açılışında bir sıra dövlət başçıları iştirak edəcəklər

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyəti və musiqi irsinin elementlərindən istifadə etməklə parlaq və rəngarəng keçiriləcək. Allsport.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada Bakı-2015-əhəsr edilmiş mətbuat konfransında bildirib. Nazir deyib ki, belə hallarda əsas məsələlər sirr olaraq saxlanılır.

Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində bir sıra ölkələrin dövlət başçılarının iştirakı məsələsinə toxunan nazir qeyd edib ki, hazırda bu barədə danışmaq çətindir: “Bu, dövlət başçılarının iş qrafikindən asılı olacaq, amma bəziləri artıq Oyunların açılış mərasimində iştirak etməyə razılıq veriblər”.

İlk Avropa Oyunlarının mədəni proqramından danışan A.Rəhimov bildirib ki, Azərbaycan dünya şöhrətli ulduzları dəvət etmək niyyətində deyil, lakin Bakının bütün mədəniyyət obyektləri turistlər üçün açıq olacaq, xüsusi mədəni proqramlar təşkil olunacaq.

Onun sözünə görə, yarışların keçirilməsi zamanı bütün təhlükəsizlik tədbirləri görüləcək. Nazir qeyd edib ki, iqtisadi böhran Oyunların təşkilinə heç cür təsir göstərməyib: “Bu möhtəşəm tədbirin maliyyələşməsinə çəkilən xərclər dövlət büdcəsində nəzərdə tutulub”.

Həmin kateqoriyadan