Bakı 2015-in çırağı Qaxda da yandırıldı

Bakı 2015-in məşəl karvanı bu gün, mayın 24-də Azərbaycanın Şimal-qərbində daha bir ecazkar təbiətə və qədim tarixə malik, Böyük Qafqazın cənub yamaclarında yerləşən Qax rayonuna səfər etdi. Allsport.az xəbər verir ki, ərazisi 1494 km2, əhalisinin sayı 55 min nəfər olan Qax Azərbaycan musiqisinin görkəmli nümayəndəsi Müslüm Maqomayevin, tanınmış ictimai-siyasi xadimi İmam Mustafayevin, unudulmaz aktyor İsmayıl Dağıstanlının, məşhur şahmatçı Aynur Sofiyevanın, sərbəst güləş üzrə dünya və Avropa çempionu Nazim Əlicanovun yurdudur.

Məşəlin Qax səfəri məşhur “Səngər qala”dan başladı. Azərbaycanın tarixi zənginliklərinin nümunəsi olan bu ərazidə istənilən rəngarənglik var. Qala divarları və köhnə körpüdən görüntülər isə valehedicidir və məşəl səyahətinin əbədi xatirəsi kimi göz oxşayacaq.

3,16 km boyunca uzanan yolla davam edən məşəl yürüşünü şəhərin giriş qapısında Ramil Məmmədli başladı. Estafet yol boyu sanki gül ləçəklərinə qərq edilmiş Heydər Əliyev prospekti, sonra İman Mustafayev küçəsi ilə davam etdi. Məşəli Rauf Əmirov, Bayram Qurbanov, Elbrus Əliyev, Zərnigar Abdullayeva, Dilarə Əhmədova, Fərqanə Məmmədova, Həsən Məmmədov, Ehtiram Dərişov, Sabir Neymətov daşıdılar. Xüsusi ehtişamla davam edən yürüşdə sonuncu məşəlçi, kunq-fu üzrə ikiqat dünya çempionu Zaur İsakov Azərbaycan prospektində estafeti qəbul edib, Mərkəzi meydanda tamamladı və quraşdırılmış səhnə önünə yerli sakinlərin gur alqışları ilə digər həmkarlarının önündə gəldi. Z.İsakov səhnədə qoyulmuş çırağı alovlandırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxtda qədim Atəşgah məbədində ilk məşəlin alovlandırılması, Bakı 2015-ə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Məşəlçilər bir-bir səhnəyə dəvət olundular. Bakı 2015-in daha bir çırağı Qax rayonuna təqdim edildi. Aparıcının dəvəti ilə onu rayon ictimaiyyətinin nümayəndəsinə voleybol üzrə “Azəryol” klubunun əvəzedici heyəti ilə çempion olmuş Guləbətin Məcidli verdi. Təntənəli mərasim səmaya göyərçinlərin və şarların buraxılması ilə başa çatdı.

Məşəl estafetinin iştirakçısı Ramil Məmmədli ürək sözlərini belə ifadə etdi: “Belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsini yalnız alqışlamaq olar. Avropa Oyunlarında dörd qeyri-olimpiya növü var. Universal döyüş üzrə dünya çempionatının bürünc medalçısı kimi, bu məni çox sevindirir. Arzu edərdim ki, zaman-zaman bir çox qeyri-olimpiya növləri, məhz kütləviliyin tələblərinə tam cavab verdiyinə görə olimpiya növlərinə çevrilsinlər. Bu mötəbər yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıram”.

Məşəl karvanının bu mərasimdən sonra rayona səfəri daha bir tarixi məkanla davam etdi. İlisu sultanı Görklü bəyin XVI əsrdə tikdirdiyi və XIX əsrin sonlarından yaşayış, əyləncələr, xalq yaradıcılığının və milli bayramların keçirildiyi yer olan “İçəribazar” qala kompleksində ötən əsrlərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Bakı 2015 alovunun səyahət komandası da bunu yaxından əyani müşahidə etmək, bu anı xatirəyə çevirmək imkanı qazandı. Burada xatirə şəkilləri və videokadrlar çəkildi.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, məşəlçilərə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl karvanı mayın 25-də Oğuzdan keçməklə, axşam saatlarında Şəkidə Alov səyahətinin daha bir gününü festivalla başa vuracaq.

Həmin kateqoriyadan