Bakı-2015 İrlandiyada da canlı yayımlanacaq

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi İrlandiyanın “Setanta Sports” idman kanalı ilə yayım sazişi imzalayıb. Allsport.az xəbər verir ki, sazişə əsasən, İrlandiyanın idman yarışlarını yayımlayan nüfuzlu “Setanta Sports” şəbəkəsi Avropa Oyunlarını hər gün səkkiz saat, o cümlədən gündəlik əsas məqamları təqdim edəcək. Kanal möhtəşəm açılış və bağlanış mərasimlərini də tamaşaçılar üçün yayımlayacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların İrlandiyada yayımlanmasını təmin edəcək sazişin bağlanmasından məmnunluğunu bildirib. Məqsədimiz birinci Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyasına təqdim etməkdir. Bu məqsədə nail olmaq üçün bundan sonra da səylə işləməyə davam edəcəyik.

“Setanta Sports” şirkətinin təsisçisi və baş icraçı direktoru Maykl Orurk bildirib ki, birinci Avropa Oyunları beynəlxalq idman təqvimində yeni və əsas yarışdır. Bağladığımız saziş İrlandiyanın idman azarkeşlərinə Oyunlarda iştirak edəcək atletlərin çıxışlarını izləməyə imkan yaradacaq.

İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki qeyd edib ki, Avropa Oyunlarında ölkəmizi güclü idmançılar təmsil edəcək. Oyunlarda iştirak edəcək idmançılarımız bağlanmış saziş sayəsində öz ölkələrindəki azarkeşlərin dəstəklərinə arxalana biləcəklər. Bu, həm də İrlandiya idmanı üçün yaxşı xəbər olacaq. Ona görə ki, birinci Avropa Oyunları gənclərimizin və geniş ictimaiyyətin baxmaqdan zövq alacağı ruhlandırıcı yarışlardır.

Bu sazişin bağlanması ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yarışın dünyanın 51 ölkəsində yayımlanmasına nail olub.

Həmin kateqoriyadan